Accessibility links

Məhəmməd Rza Heyət: Dövləti olmayan türklərin Türk Şurasından gözləntiləri indilik mədəni sahələrdə ola bilər


Türkoloq alim Məhəmməd Rza Heyət Amerikanın Səsi ilə söhbətdə deyir ki, “dövləti olmayan türk icmaları, o cümlədən İrandakı türklər indiki şəraitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından (Türk Şurası) ancaq kültürəl və mədəni sahələrdə gözləntiləri ola bilər.”

2009-cu ildə təsis edilmiş Türk Şurasının inkişaf prosesini dəyərləndirən Heyət müxtəlif türk icmaları arasında iş birliyinin dövlətlərdən öncə toplumlar arasında başlandığını ifadə edir.

Biz Türk Şurasının nə işlər görə biləcəyini öncə hesablayıb ona görə bir gözlənti içinə girməmiz lazimdir. Yoxsa onların gəlib dövlətlər ilə qarşı-qarşıya gəlməsi indiki şəraitdə mümkün deyildir

“Türk dünyasında təqribən 70 il bir-birindən xəbərsiz yaşadılar. Hətta əski Sovetlər Birliyinin içindəki türk cümhuriyyətləri də bir-birindən ayrı idi. Yəni bir ölkənin içində olmalarına rəğmən bunlar da bir qopuqluq yaşadı və hər biri fərqli bir kimliklə öz siyasi həyatlarını sürdürdü. Ancaq Sovetlər Birliyinin dağılması ilə bir proses başladı və indiki səviyyəyə gəlməsi də uzun sürdü. Çünki, o kimlik məsələsi bu qopuqluğun davam etməsinə səbəb olurdu. Ancaq türk cümhuriyyətlərinin yenidən türk kimliyi altında bir araya gəlməsi, iş birliyinə ehtiyacı hiss etməsi və bunun gələcəyinin parlaq olacağını düşünmələri səbəb oldu ki, mütəşəkkil bir birliyin içinə girsinlər,” o, söyləyir.

Məhəmməd Rza Heyətin sözlərinə görə, “türk ölkələrində birləşmə ilə bağlı iki ciddi çəkincə var. Bir, türklərin öz içində olan bir ehtiyat var. Yaxınlaşmağa bir az qorxurlar. Onun da səbəbləri var; son yüzildə olan hadisələr və bu, Turançılıq və pan-Türkizm ittihamları və onun üzərindən türklərə hücumlar. O baxımdan başlanğıcda bir ehtiyat var idi. Bir də ki, gerçəkdən dünya da bunu çox diqqətlə izləyirdi ki, bu türk cümhuriyyətləri müstəqil oldu, əcəba buradan böyük bir birlik çıxarmı və bu, ortaya çıxarsa dünyadakı effekti nə olar? Bu iki şeyi diqqətə alaraq başlanğıcda fəaliyyətlə çox yavaş oldu.”

Türk toplumlarının öz içlərində olan bir ehtiyat var. Yaxınlaşmağa biraz qorxurlar. Onun da səbəbləri var; son yüzildə olan hadisələr və bu Turançılıq və pan-Türkizm ittihamları və onun üzərindən türklərə hücumlar.

Təbriz Araşdırmalar İnstitutunun başqanı son illərdə vəziyyətin Türk Şurasının lehinə xeyli dəyişdiyini vurğulayır:

“Son illərdə özəlliklə də bölgədə yeni ittifaqların qurulması və tənliklərin dəyişməsi ilə bərabər, ciddi bir ittifaqa doğru hərəkət etməyə başlanıldı. Son Qarabağ savaşından sonra isə bu, sözdən əmələ keçmiş oldu. Yəni, bu ittifaqın nələr qazandıracağını əməldə gördülər. Hətta türk olmayan cümhuriyyətlər də bunu gördü.”

Məhəmməd Rza Heyət Türk Şurasının dövləti olmayan türklər üzərində hələlik müstəqim təsiri olmayacağını qeyd edir.

“Ancaq dolayı yollardan çox böyük təsirləri olacaq. Birincisi, məsələn İran kimi bir yerdə türklərin prestij və sayğınlıq məsələsi hər zaman hədəf alınıb. Yəni psixoloji olaraq bunları əzməyə çalışmışlar. Belə bir qurumun qurulması və dünyada söz sahibi olması istər istəməz İrandakı türklərin özünəinam qazanmasına səbəb olacaq. Yəni ən az faydası budur. İkinci, orada alınan qərarlar İrandakı türkləri də doğrudan əlaqələndirəcək. Məsələn, əgər sabah ortaq bir irtibat dili qərarə alınsa və ya əlifba məsələsində qərarlar İrandakı türklər üçün də qərar hökmündə olacaq.”

O, dövləti olmayan türklərin Türk Şurasından gözləntilərinin indilik ancaq mədəni sahələrdə olabiləcəyini, lakin gələcəkdə bunun digər sahələrə də genişləyə biləcəyini önə çəkir:

Gələcəkdə mən əminəm ki, onların problemləri elə bu Türk Kənəşi araçılığı ilə dünya ictimaiyyətinə daşına bilər. Amma, indilik Türk Kənəşindən gözləntilərimiz daha çox kültürəl məsələlərdə olmalıdır. Bu qurum bu sahədə çox işlər görə bilər.

“Gələcəkdə mən əminəm ki, onların problemləri elə bu Türk Kənəşi araçılığı ilə dünya ictimaiyyətinə daşına bilər. Amma indilik Türk Kənəşindən gözləntilərimiz daha çox kültürəl məsələlərdə olmalıdır. Bu qurum bu sahədə çox işlər görə bilər. Məsələn, kitab yayınlarından tutun festivallara qədər və ya gənclərin, uşaqların gəlib bir türk cümhuriyyətində iki həftə bir ay qalmaları kimi proqramları ola bilər. Eyni halda düşünürəm ki, Türk Kənəşinin bu sahələrdə İrandan bəzi tələbləri ola bilər... Hər halda, biz bu qurumun nə işlər görə biləcəyini öncə hesablayıb ona görə bir gözlənti içinə girməmiz lazimdir. Yoxsa onların gəlib dövlətlər ilə qarşı-qarşıya gəlməsi indiki şəraitdə mümkün deyildir,” Heyət söyləyir.

Ankara Universitetinin müəllimi hesab edir ki, “türk icmaları arasında birliyin davamlı olması üçün münasibətlərin iqtisadi maraqlara dönüşdürülməsi gərəklidir.”

Onun söylədiklərinə görə, “duyğusal münasibətlər sarsıla bilər, əngəl törətmək və ya aralarını pozmaq daha rahat olur. Bu növ münasibət çox uzun sürməyə bilər. O üzdən bu soydaşlıq və qardaşlıq əlaqələrini mütləq, iqtisadi çıxara dönüşdürmək lazimdir. Bunun qarantisi və zəmanəti bu iqtisadi çıxarlardır ki, bu münasibətlərin davamı olsun.”

XS
SM
MD
LG