Ərdəbil şəhərində mədəni fəallar məktəblərin açılışı münasibətilə şagirdlərə türk dilində kitablar paylayaraq İranda türk dilində təhsil qadağasına diqqət çəkirlər.
Sosial şəbəkələrdə paylaşılan görüntürlərdə fəallar məktəblərin yaxınlığında şagirdlər vəya dərs ilinin ilk günlərində onları məktəbə gətirən valideynlərinə kitablar hədiyyə edərkən görünür.
Güneyli fəalların bu kampaniyası İranın başqa bölgələrində fəaliyyət göstərən qeyri-fars fəallar və mədəni qrupların da diqqətini cəlb edib.
“Türk fəallar bu kampaniya ilə ana dilinə hörmətlərini göstərməklə bərabər İrandakı tək-dil siyasətinə də etirazlarını bildirirlər,” deyə Tavaana institutunun twitter hesabında bildirilir.
ABŞ-da fəaliyyət göstrən Tavaana institutu iranlı mədəni fəallara onlayn təlim verir.
Bundan öncə də məktəblərin açılışı, Dünya Ana Dili Günü və Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində oxşar kampaniyalar təşkil olunub.