Accessibility links

Əli Kərimli: Yolu sona qədər getməyə hazır olanlarla davam edəcəyik


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli

AXCP sədrinin və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbərinin Milli Şura ilə bağlı fikirləri

AXCP sədri Əli Kərimli ad çəkmədən Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə münasibət bildirib. Kərimli həmçinin “Milli Şuranın hədəfi müəyyənləşməyib” kimi bəyanatlara münasibət bildirib.

AXCP sədri Facebook səhifəsində yazır:

“Milli Şuranın təsis sənədi olan bəyannamədən bu hissəni mütləq yenidən oxumaq lazımdır:

Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar

“Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək;
Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq;

- Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq;
- Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında - Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır”.

Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı?

Belə bir sənədi qəbul etmək, bu sənədin əsasında digərləri ilə birlikdə təşkilat yaratmaq həm də üzərinə məsuliyyət götürmək deməkdir. Belə iddialı məqsədlərlə yaradılan təşkilatın (MŞ-nın) təsisçisi olmaq həm də tərəfdaşlar və bütövlükdə xalq qarşısında üzərinə müəyyən öhdəliklər götürmək deməkdir. O öhdəliklərdən yarı yolda imtina etmək olmaz. Ona görə də AXCP-nin Milli Şuraya dəstəyi davam edir. Məqsədin böyüklüyü, prosesin çətinliyi bizi qorxutmur. Belə bir ülvi məqsədlə-xalqımızın zəbt edilmiş hakimiyyətini özünə qaytarmaq məqsədilə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik”, - deyə Kərimli qeyd edir.

Öz növbəsində Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA agentliyinə müsahibəsində Müsavat Partiyasının Milli Şuranı tərk etməsini belə izah edib:

“Biz demokratik qüvvələrin real birliyini, real müttəfiqliyini, həqiqi və sivil müttəfiqlik münasibətlərinin qurulmasını istəyirik. Çünki Azərbaycan hakimiyyəti istər vətəndaş cəmiyyətində, istər mətbuat sahəsində, istər siyasi partiyalar arasında ciddi qarmaqarışıqlıq yaratmağa nail olub. Biz istəyirik ki, müxalifət düşərgəsinə bir aydınlıq gətirək və müxalifət düşərgəsində sivil, müasir tələblərə uyğun olan qarşılıqlı münasibətlər formasına nail olaq. Münasibətlər kimlərinsə əhvalına, hansısa cari məsələlərə, şəxsi münasibətlərə görə yox, bağlanmış müqavilələr, sazişlər əsasında tənzimlənsin. Təəssüf ki, hətta bizimlə bir partiyada birləşməyə hazır olduğunu bəyan edən qüvvələr, hətta bizim müttəfiqliklə bağlı irəli sürdüyümüz təkliflərə belə razı olmamaqla Müsavatla birləşmək haqqındakı təkliflərinin də qeyri-səmimi olduğunu biruzə verdilər. Bunun ardınca Müsavat Partiyasına qarşı geniş bir böhtan kampaniyasına başladılar. Əgər siyasi partiyalar bizimlə ikitərəfli əməkdaşlığa, müttəfiqliyə razı deyillərsə və bizim bu təkliflərimizi yalnız rədd etməklə kifayətlənməyərək hələ üstəlik Müsavat Partiyasına qarşı böhtan, təhqir kampaniyasına başlayırlarsa, təbii ki, bu qüvvələrlə çoxtərəfli əməkdaşlığın da qeyri-mümkün olduğu ortalığa çıxır. Düşünürəm ki, Müsavat Partiyasının bu qərarı müxalifət düşərgəsində bir soyuq duş effekti yaradacaq, hər kəs düşünməyə məcbur olacaq”, o qeyd edib.

Arif Hacılı bildirib ki, Müsavat Partiyası 2014-cü il üçün özünün fəaliyyət istiqamətlərini müəyyən edib və həmin plana uyğun olaraq öz fəaliyyətini davam etdirəcək.

“Müsavat ölkədə fundamental insan hüquq və azadlıqlarının bərpa edilməsi, demokratik islahatların aparılması istiqamətində avtoritar rejimə qarşı mübarizəsini davam etdirəcək. Bu yolda fəaliyyət göstərən bütün siyasi qüvvələr, təşkilatlar, ayrı-ayrı şəxslərlə müqavilələr, sazişlər əsasında birgə fəaliyyət göstərməyə hazırıq”, icra aparatının rəhbəri deyib.
XS
SM
MD
LG