Accessibility links

"Tənqidi düşüncə, sorğulamaq qabiliyyəti inkişaf üçün olduqca əhəmiyyətlidir" [Video-Müsahibə]


Əslən polşalı Anna Zamejc uzun müddət Azərbaycanda könüllülük etmiş jurnalistdir. Özü dediyi kimi Azərbaycanın adını ilk eşitdiyi gündən ölkə onu cəlb etmişdi. Azərbaycanda olduğu müddətdə məcburi köçkün uşaqlarına ingilis dili dərs keçmiş, vətəndaş cəmiyyəti təşkilatlarının layihələrində iştirak etmişdi. Anna son beş aydır ki, ABŞ Konqresinin təqaüd proqramı ilə Vaşinqtondadır. Amerikanın Səsindən Vüqar Salamlı onunla görüşüb, onun Azərbaycan təcrübəsi haqqında müsahibə alıb.

Amerikanın Səsi: Anna, Azərbaycan haqqında marağınız haradan yarandı?

Anna Zamejc: 20 yaşım olanda, mən Azərbaycanda seçki müşahidəsi missiyasına dəvət aldım. Bu mənim ikinci müşahidə missiyam idi. Düşündüm ki, haradadır Azərbaycan? Xəritəyə baxanda, İran və Rusiya arasında olduğunu görəndə, dedim ki, bura çox maraqlı bir yer olmalıdır. Mən səfərdən öncə Azərbaycan haqqında çox oxudum, sonra ölkədə olduğum müddət insanlarla ünsiyyətdə oldum və oranı daha yaxşı tanımağa başladım. Seçkilərdən sonra baş verənləri müşahidə etməyi və ölkədə qalmağı o qədər istədim ki, təyyarə biletinin vaxtını 3 dəfə dəyişəsi oldum. Polşaya qayıdanda isə, az qala universitetdən qovulmuşdum. Azərbaycanda o qədər qalmışdım ki, universitetdəki dərslərimin çox hissəsini buraxmışdım. Çünki ölkə məni çox heyran etmişdi.

Amerikanın Səsi: Azərbaycandakı fəaliyyətiniz nədən ibarət idi?

Anna Zamejc: Mən Azərbaycana tez-tez qayıdırdım. Hərdən seminarlara, hərdən könüllü işlərə… Sonradan məcburi köçkün uşaqlara ingilis dili dərsi keçməklə bağlı bir layihə hazırladım. Həmin ailələr müharibə dövründə Qarabağı tərk edib, Bakıya gəlsələr də, Bakıdakılar qədər eyni imkanlara sahib deyildilər və onlar yoxsulluqda yaşayırdılar. Düşünmüşdüm ki, bu uşaqlarla işləmək yaxşı olardı. Mən onlara bir neçə ay ərzində sadə ingilis dili dərsləri keçirdim. Bu çox maraqlıdı idi. Onlara dərs keçməklə bərabər, uşaqlardan həm də Azərbaycan dili öyrənirdim. Bundan başqa yerli qeyri hökümət təşkilatları ilə işləyirdim. Bu da məni ölkə haqqında xeyli məlumatlandırdı.

Amerikanın Səsi: Fərqli bir mədəniyyətdən olmağınız sizə hansısa çətinlikləri yaradırdımı?

Anna Zamejc: Azərbaycanda qarşıma çıxan çətinliklərdən biri o idi ki, insanlar səni xoşlayırlarsa, sənə yeməyə çoxlu ət verirlər. Mən əti o qədər də sevmirəm. Mənə çoxlu ət olan bir yemək təklif ediləndə mənim üçün onlara “yox” demək çox çətin idi. Mən bilirəm ki, bu qonaqpərvərliyin işarəsidir, amma mən necəsə “yox” deməli idim. Bu ev sahibi üçün bir qədər qəribə görünürdü. Onlar qayıdırdılar ki, “Axı sən üçün yox deyə bilərsən? Biz sənə evimizdə olan ən yaxşısını təklif edirik.” Ona görə də, təəssüf ki, mən tez-tez yalan söylərdim ki, vegeterianam. Bu yolla mən əmin olmağa çalışırdım ki, onların xətrinə dəymirəm. Azərbaycanlılar üçün bir insanın ət yeməyi bəyənməməsini anlamaq bir qədər çətindir.

Amerikanın Səsi: Sizin ünsiyyətdə olduğunuz insanlar Azərbaycanda yaşayıb işlədiyinizi biləndə necə reaksiya verirdilər?

Anna Zamejc: Xaricdə deyəndə ki, mən Azərbaycanda çalışmışam və azərbaycanlılarla işləyirəm insanlar söhbətin nədən getdiyini anlamır. Polşada insanlar soruşurlar ki, “Azərbaycan haradadır?” Amerikada isə insanlar soruşurlar ki, “Azərbaycan nədir?” Bu həmişə məni məyus edir. Ən sevmədiyim reaksiya insanların mənim "Əfqanıstan" dediyimi düşünəndə olur. Mən deyirəm ki, “Yox, ora Əfqanıstan deyil. Ora Azərbaycandır.” Sevmirəm insanlar bunu səhv anlayanda. Ona görə həmişə mübahisə edirəm. Xəritəni göstərib, deyirəm ki, bax bura Azərbaycandır, bura isə mənim işlədiyim Bakı şəhəridir, Rusiya və İran arasındadır, çox strateji regiondur və s. Mən çalışıram insanlara izah edim ki, Azərbaycan böyük ölkə, böyük mədəniyyətə malik olan yerdir. Amma, onların çoxunun Azərbaycan eşidəndə ağıllarına ilk gələn enerji təhlükəsizliyi mövzusu olur. Ya da ki, bir qədər oriental mədəniyyət olduğu bir məkan ağıllarına gəlir. Mən düşünürəm ki, bu həm də mənim vəzifəmdir ki, onlara ölkə haqqında izah edim və bəlkə onlar gələcəkdə oranı ziyarət etsinlər.

Amerikanın Səsi: İnsanlarla Azərbaycan dilində ünsiyyət saxlamaq necə, çətin deyildi ki?

Anna Zamejc: Mən həmişə düşünmüşəm ki, mənim dil öyrənmək istedadım var. Amma, Azərbaycan dilini öyrənəndə anladım ki, bu heç də elə deyil. Bu mənim üçün ümidsiz bir çətinlik idi. Artıq yeddi ildir və mən hələ də düşünürəm ki, mən dili yaxşı öyrənməmişəm. Azərbaycan dili mənim rastıma çıxan ən mürəkkəb dillərlərdən biridir. Məsələn, fransız, alman və digər Avropa dillərindən daha çətindir. Ona görə də, bu mənim həmişə çətin olub. Mən çoxlu səhvlər edirəm.

Amerikanın Səsi: Azərbaycanda yaşadığınız müddət ölkədə çatışmayan hansı xüsusiyyətin şahidi oldunuz?

Anna Zamejc: Mənim Amerikada öyrəndiyim əhəmiyyətli şeylərdən biri, mənim öz ölkəmə və daha çox Azərbaycana şamil edələ biləcək şey tənqidi düşünmək qabiliyyətidir. Bu, bizdə, Mərkəzi və Şərqi Avropada, Post-sovet ölkələrində çatışmayan xüsusiyyətlərdəndir. Bizim təhsil sistemi bizə yalnız dinləməyi, heç zaman sual etməməyi, heç zaman tənqid etməməyi öyrədir. Amma, düşünürəm ki, tənqidetmə qabiliyyəti, sualetmə qabiliyyəti inkişaf üçün çox əhəmiyyətlidir. Mən insanlara demək istərdim ki, hər şeyi olduğu kimi qəbul etməsinlər, düşünməyə başlasınlar. Nəyisə qəzetdə oxumalarından və ya televiziyada görmələrindən asılı olmayaraq sual etməyi bacarsınlar. Hətta bu intervyunu belə sual etsinlər. Heç nəyi olduğu kimi qəbul etməyin.

XS
SM
MD
LG