Accessibility links

Şahin Xiyavlı: Aclıq aksiyasında olanlara bütün fəallar dəstək verməlidir [Audio-Müsahibə]


Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında aclıq aksiyası keçirən siyasi məhbusların tələbləri, onların səsinin eşidilməsi üçün aparılan fəaliyyətlər, habelə aclıq aksiyasının təhlükələri haqqında danışıb. Norveçdə yaşayan türk fəal həmçinin bu yaxınlarda qatıldığı Birləşmiş Millətlər Təşkilatının azlıqlar məsələləri forumunun 9-cu sessiyasında baş verənlər haqqında məlumat verib.

Şahin Xiyavlının sözlərinə görə, siyasi məhbuslar aclıq aksiyası keçirərək məsulların basqılarına etiraz bildirmək və müəyyən tələbləri ortaya qoymaqdan əlavə, eyni zamanda düşüncələri uğruna ölümü gözə alaraq toplumun da vicdanına təsir buraxmaq istəyirlər.

Bu məsələ ümumi bir məsələdir və biri aclıq edəndə kollektiv şəkildə hərkəs tərəfindən diqqətə alınmalıdır. Xaricdə yaşayan insanlar, xüsusilə təşkilatlar əllərindən gəldiyi qədər dəstək verməlidirlər.

Son vaxtlarda tanınmış türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur 40 gündən artıq aclıq aksiyası keçiriblər. Xiyavlının dediklərinə görə, aclıq aksiyasında olan məhbuslar xüsusilə 30 gündən sonra ölümlə qarşı-qarşıya olurlar. Onların sadəcə fiziki deyil, ruhi sağlamlıqları da təhlükədə olur.

O deyir ki, aclıq aksiyası keçirməkdə olan fəallara dəstək fəaliyyəti təkcə insan haqları fəalları ilə məhdudlaşmamalıdır:

“Məncə aclıq aksiyası keçirənlərin durumu ilə bağlı fəaliyyət qaneedici deyil. Amma, əldə olan imkanlara görə bu məlumat bəzi qurumlara çatır... Bu məsələ ümumi bir məsələdir və biri aclıq edəndə kollektiv şəkildə hər kəs tərəfindən diqqətə alınmalıdır. Xaricdə yaşayan insanlar, xüsusilə təşkilatlar əllərindən gəldiyi qədər dəstək verməlidirlər.”

Şahin Xiyavlı bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissiyasının təşkil etdiyi azlıqlar məsələləri forumunun 9-cu sessiyasında iştirak edib.

O, həmin forumdakı çıxışı haqqında məlumat verməklə yanaşı, tədbirdə baş verənlər, o cümlədən İran İslam Respublikası təmsilçilərinin türk, kürd, ərəb və digər qeyri-fars iştirakçılara təpkiləri haqqında danışıb.

İran dövlətinin təmsilçiləri həmin forumda İranda qeyri-fars etnik cəmiyyətlərə qarşı ayrı-seçilik və basqıların olmadığını irəli sürüblər. Onlar, o cümlədən, son vaxtlar Təbriz və Sənəndəc universitetlərində türk və kürd dilləri bölümlərinin açılması məsələsini gündəmə gətiriblər.

XS
SM
MD
LG