Accessibility links

Bakıda Beynəlxalq Neft və Qaz sərgisi açılacaq


 Neft-qaz sərgisi_logo
Neft-qaz sərgisi_logo

İyunun 1-də Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi açılacaq. Sərgi iyunun 4-dək davam edəcək.

Mayın 31-də keçirilən mətbuat konfransında "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib ki, bu il sərgidə 30 ölkədən 240 şirkəti iştirak edir.

“Neft sənayesində baş verənlərə baxmayaraq sərgiyə maraq artıb”, o qeyd edib.

Xəzər Neft və Qaz Sərgisinin meneceri Tofiq Kərimov bildirib ki, sərgidə Çexiya, İtaliya və Almaniya milli pavilyonlarını təqdim edəcək.

“Hər il “Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ kimi ölkələrin şirkətləri çıxış edir".

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və “Petronas” şirkətləri, gümüş sponsorlar isə “Bos Shelf” şirkətləridir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.

"Caspian Power-2016" sərgisi “Xəzər neft və qaz, neft emalı və neft-kimya” (“Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçiriləcək.

“Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edəcək. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgi çərçivəsində iyunun 2-də və 3-də beynəlxalq Xəzər Neft-Qaz konfransı keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

XS
SM
MD
LG