Keçən ilin dekabr və bu ilin yanvar aylarında İranda baş qaldıran kütləvi etirazlarla əlaqədar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində İnqilab Məhkəməsi tərəfindən 35 vətəndaşa çağırış vərəqələri göndərilib.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin yayımladığı məlumata əsasən, bu vətəndaşlardan sentyabrın 10-da məhkəməyə müraciət etmələri tələb edilib.
Məhkəməyə çağırılanların 34-ü, o cümlədən Məmməd Abazəri, Abbas Köçəri, Milad Hacılı, Şəhriyar Gələvani, Məryəm Əsədli, Arzu Səhrayi və Mehdi Ağbaş dekabr və yanvar aylarında Xoyda təşkil olunan etiraz aksiyaları zamanı nəzarət altına alınıb, daha sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
Məhkəməyə çağırılan digər vətəndaş Aydın Mühsinnejad yanvar ayında nəzarət altına alınmamışdı.
Rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə dekabr və yanvar aylarındakı kütləvi nümayişlərlə əlaqədar onlarla vətəndaş nəzarət altına alınmışdı.