Ölkədə kütləvi nümayişlərin başlanmasından sonra, İran Azərbaycanında “etirazlara qatılan və ya qatılmaq istəyənlərin” həbsi davam edərkən, keçən günlərdə nəzarət altına alınan bəzi vətəndaşlar haqqında yeni məlumat yayımlanır.
Hüquq müdafiəçilərinin məlumatına görə, əksəriyyəti Təbriz və Urmiyə universitetlərindən olmaqla, son günlərdə İran Azərbaycanında nəzarət altına alınanların böyük bir hissəsi tələbələrdən ibarətdir.
Məmular ailəni təhdid edib ki, “oğul gələnə qədər, atası sərbəst buraxılmayacaq.”
Təbriz, Xoy, və Urmiyə şəhərlərində tutulanlardan o cümlədən, Turan Mehriban, Sivan Kəlami, Nida Əhmədi, Əmin Zindədil, Şəhla Vəhdətpur, Qadir Dalan, Ümid İclal, İrəc Həmidi, Şəhriyar Gələvani, Meysəm Şərif və Əli Qədirinin adları hüquq müdafiəçiləri tərəfindən yayımlanıb.
İnsan haqları qruplarının xəbərinə görə, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində tələbə fəal Aydın Möhsünnejadı nəzarət altına almaq üçün müraciət edən təhlükəsizlik qüvvələri, fəalın atası Məhəmməd Möhsünnejadı saxlayıblar.
Məmular ailəni təhdid edib ki, “oğul gələnə qədər, atası sərbəst buraxılmayacaq.” Aydın Möhsünnejad Təbriz Universitetinin tələbəsi, atası isə, təqaüdçü bir müəllimdir.
Rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə kütləvi nümayişlərlə əlaqədar onlarla vətəndaş nəzarət altına alınıb.
Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazlara mane olmaq üçün 90 vətəndaşın tutulduğu bildirilir.