Accessibility links

Rəsul Cəfərov: İctimaiyyəti azadlığa çıxmağımla bağlı işlərini davam etdirməyə çağırıram


Rəsul Cəfərov (Foto Fərqanə Novruzovanındır)
Rəsul Cəfərov (Foto Fərqanə Novruzovanındır)

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin 6,5 il həbsə məhkum etdiyi hüquq müdafiəçisi Rəsul Cəfərov bu gün şifahi şəkildə məhkəmənin hökmünü Amerikanın Səsinə şərh edib.

“Barəmdə çıxarılan hökm hakimlərin qeyri-müstəqil şəkildə çıxardığı qərardır. Bizim sübutların araşdırılmaması, hökmün tamamilə ittiham aktına əsaslanması qərəzli olduğunu göstərir. Mən ilk gündən bu məhkəməyə hüquqi aspektdən yanaşmışdım, son sözümü belə məsələnin siyasi tərəflərinə baxmayaraq, hüquqi müstəvidə hazırlamışdım.

Azərbaycan hakimiyyətini ədalətli mövqe tutaraq məni azadlığa buraxmağa, yerli və beynəlxalq ictimaiyyəti isə azadlığa çıxmağımla bağlı işlərini davam etdirməyə çağırıram”, Rəsul Cəfərov Amerikanın Səsinə bildirib.

2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və vəzifə saxtakarlığında da ittiham olunub.

Hüquq müdafiəçisinin azadlıqdan məhrum edilməsi Azərbaycana qarşı kəskin tənqidlər doğurub. Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

Amnesty İnternational (Beynəlxalq Əfv) Təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG