Accessibility links

Sadiq İsabəyli: İranda siyasət artıq birbaşa İnqilab Qvardiyasının əlinə keçməkdədir


Sadiq İsabəyli
Sadiq İsabəyli

Amerikanın Səsinə danışan siyasi şərhçi Sadiq İsabəyli hesab edir ki, İranın yeni prezidenti İbrahim Rəisi dönəmində İranda siyasət sükanının artıq birbaşa İslam İnqilabı Qvardiyasına (Sepah) verilməsi planlaşdırılır.

İranda bəzi etnik və dini icmalar və qadınların İbrahim Rəisinin nazirlər kabinetində təmsil edilməməsi müxtəlif qruplar tərəfindən tənqid edilir. O cümlədən, Təbrizdə nəşr edilən Əsri Azadi qəzeti 24 avqust sayında ilk səhifəsini “türklər nazirlər kabinetinin qatarına alınmadı” başlığı ilə nəşr edib. Mətbuatda yayılan məlumata əsasən, Rəisinin 19 nəfərlik nazirlər kabinetində türk icmasına mənsub sadəcə bir siyasətçiyə yer verilib.”

Bu, Əhmədinejad dövrünün davamıdır. Amma, indi biz görürük ki, daha planlı və koordinasiyalı şəkildə hərəkət etmək istəyirlər.

Sadiq İsabəylinin sözlərinə görə, “bu göstərir ki, siyasi hakimiyyət ümumiyyətlə İranın ictimai, siyasi və etnik strukturunu, habelə ölkənin dini və məzhəbi baxımdan gerçəklikləri heç bir halda nəzərdə tutmur.”

Siyasi şərhçi həmçinin sabiq prezident Mahmud Əhmədinejadın kabinetində nazir və ya yüksək vəzifələrdə olmuş bir çox siyasətçinin yeni kabinetdə də yer almasına diqqət çəkir:

“19 nazirdən təqribən 10 nəfəri elə Əhmədinejad dövründə olan şəxslərdir. Yəni, baxmayaraq ki, son illərində Xameneyi və ona yaxın qüvvələrin Əhmədinejadla ciddi problemləri var idi, onun kabinetində olan şəxslərə yenə vəzifə verilib. Bu onu göstərir ki, bütün bunları yönləndirən bir mərkəz var və bu, birbaşa dini lider Xameneyiyə və Beyti-Rəhbər (dini liderin ofisi) deyilən o quruma bağlıdır.”

Təəssüf ki, artıq İranın dövlət siyasəti birbaşa hərbiləşmiş və ideoloji mafiya sistemi, yəni Sepahın əlinə keçməkdədir.

İsabəylinin fikrincə, İbrahim Rəisi hökuməti Əhmədinejad hökumətinin davamıdır, ancaq ondan daha planlı və koordinasiyalı bir şəkildə hərəkət edir.

Onun sözlərinə görə, “artıq dini rəhbərin fikir ortağı və ya Sepah və Sepahın Qüds gücünün siyasətləridir ki, Rəisinin kabineti tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bu, Əhmədinejad dövrünün davamıdır. Amma, indi biz görürük ki, daha planlı şəkildə hərəkət etmək istəyirlər. İstəyirlər ki, həm daxili, həm də xarici siyasətdə daha koordinasiyalı şəkildə hərəkət etsinlər. Bunların açıqlamalarında görürəm ki, əsas məqsədlərindən biri də İrana tətbiq edilən sanksiyaları açmaqdır. Bunu həyata keçirmək üçün bütün nazirlikləri səfərbər ediblər.”

Sadiq İsabəyli İbrahim Rəisi hökumətinin “sərvətin bərabər paylaşımı, vilayətlərə fürsətlərin bərabər verilməsi, vergilərin bərabər şəkildə bölünməsi ya alınması, ayrıseçkiliyin aradan qaldırılması, həmçinin ictimai-mədəni sahədə ana dili hüquqları və insanların öz mədəniyyətini həyata keçirməsi” yönündə heç bir proqramı olmadığını ifadə edir.

O, əlavə edir, “bunların proqramı sadəcə ondan ibarətdir ki, əhalinin ümumilikdə gündəlik ehtiyaclarını necə ödəyə biləcəyik. Həmçinin Amerika dövlətinə və xarici dövlətlərə necə sübut edə biləcəyik ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar təsirsizdir və rəhbərin ortaya qoyduğu müqavimət iqtisadiyyatı proqramı əsasında hər şey yolundadır... Təəssüf ki, artıq İranın dövlət siyasəti birbaşa hərbiləşmiş və ideoloji mafiya sistemi, yəni Sepahın əlinə keçməkdədir.”

XS
SM
MD
LG