Accessibility links

Saira Bleyr - Amerikanın ən gənc qanunvericisi


Saira Blair
Saira Blair

Qərbi Virciniya universitetinin 18 yaşlı tələbəsi Saira Bleyr ABŞ-da ən gənc qanunvericidir. Gənc respublikaçı siyasətçi demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, Qərbi Virciniya ştatının parlamentinə üzv seçilib. Amerikanın ən gənc qanunvericisi seçicilərin səslərinin 63 faizini ala bilib.

Saira Bleyr siyasətçi ailəsindəndir. Onun atası Qərbi Virciniya ştatının parlamentində senatordur. O, siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Mətbuata verdiyi müsahibələrdə Saira Bleyr uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlandığını və özü siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər aldığını deyib.

Bu ilin əvvəli hələ 18 yaşı tamam olmamış Saira Bleyr Qərbi Virciniya ştatının Nümayəndələr Palatasında iki yer uğrunda mübarizə aparacağını elan etmişdi. Onun sözlərinə görə, siyasi proseslərlə tanışlıqdan sonra o, gənclərin seçkili orqanlarda 30 illik təcrübəyə malik siyasətçilərdən heç də zəif işləmədiyinə əmin olub.

ABŞ-da ştat qanunvericilərinin yalnız 5 faizinin yaşı 30-dan aşağıdır. Saira Bleyr qadın və gənc olması ilə bağlı tənqidləri yaxına buraxmayaraq, bunu əslində üstünlük kimi qəbul ediyini deyib. O, qanunverici kimi iş yerlərinin açılması və büdcə məsələlərinə diqqət ayıracağını bildirib.

Gələcək planlarına gəldikdə isə, Saira Bleyr siyasətçi kimi karyera qurmaq deyil, vətənə və xalqa xidmət etmək istədiyini önə çəkir və gələcəkdə ABŞ Konqresinə seçilmək planlarının da mümkünlüyünü deyir. O, gələcəkdə maliyyə eksperti kimi karyera qurmaq istəyir. Saira Bleyr Qərbi Virciniya universetetinin iqtisadiyyat fakültəsində təhsil alır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG