Accessibility links

Ceyms Uorlik: Danışıqlar prosesində işıqlı pəncərə var


Ceyms Uorlik
Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Yerevanda səfərdədir. O sabah Bakıya gəlir.

Qarabağ danışıqlarını başqa səviyyədə davam etdirməyin vaxtı çatıb. Turan Agentliyinin məlumatına görə bu barədə sentyabrın 16-da Yerevanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Ümid edirəm ki, erməni xalqı bu prosesdə nə istədiyimizi bilir. Erməni xalqının müzakirələrimizdən xəbərdar olması çox vacibdir”, deyən Uorlik münaqişə tərəflərinin cəmiyyətlərinin danışıqlar haqqında məlumatlandırılması zərurətini vurğulayıb.

O, həmçinin regionda silahların artırılması və Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirib.

“Başa düşürəm ki, insanlar bir qədər qəzəbləniblər, belə ki, danışıqlar 20 ildir davam edir, amma biz hər iki tərəf üçün ağır olan müharibənin təkrarlanmasını istəmirik.

Bu qədər çətin bir problem ətrafında danışıqlar asan deyil, amma artıq qeyd etdiyim kimi, hazırda bu prosesdə işıqlı pəncərə var”, deyə Uorlik bildirib.

Onun sözlərinə görə, yeni səviyyədə danışıqların vaxtı çatıb.

“Bu gün artıq dövlət başçılarının və ya xarici işlər nazirlərinin nadir görüşləri kifayət etmir. Yeni rəsmi danışıqlara başlamaq lazımdır və məhz tərəflər onların formatını müəyyən etməlidirlər, biz isə onlara yardım etməyə hazırıq”, deyə həmsədr qeyd edib.

Hər iki prezidentin görüşməsi və danışıqları davam etdirməsi çox vacibdir, belə ki, məsələnin yekun həlli yalnız dövlət başçıları səviyyəsində mümkündür və buna görə məsuliyyəti məhz prezidentlər öz üzərinə götürməlidir.

“Müzakirə olunmayacaq məsələ yoxdur, biz bütün məsələlərin prezidentlər və xarici işlər nazirləri səviyyəsində müzakirə olunmasını istəyirik”, deyən Uorlik əlavə edib ki, vasitəçilər Kornegi Fondunda müzakirə edilmiş 6 müddəa ətrafında konsensus əldə etmək üçün tərəflərlə işləyirlər.

“Tərəflər atəşkəsə riayət etməlidirlər, belə ki, vəziyyətin gərginləşməsi bizim üçün arzuolunan həllə gətirib çıxarmayacaq. Biz uzunmüddətli sülh istəyiriksə, ermənilər və azərbaycanlılar arasında etimada nail olmalıyıq”, deyə vasitəçi bildirib.

Əliyevlə Sarkisyanın qarşıda duran Paris görüşünə toxunan Uorlik onların hansısa nəticələr əldə etməsinin əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, əsas problem tərəflərin bir-birinə etibarsızlığıdır, amma məhz prezidentlərin görüşləri vasitəsilə bu problemi həll etmək olacaq.

Bu gün həmsədr Yerevana gedib, sabah isə Bakıya gələcəyi gözlənilir.

XS
SM
MD
LG