Accessibility links

Con Kerri İlham Əliyev və Serj Sarkisyanla görüşüb


 Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan

Dövlət katibi prezidentlərin dialoqu davam etdirmək barədə razılığını alqışlayır

Sentyabrın 4-də ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində görüşüb.

ABŞ Dövlət Departamentinin saytının məlumatına görə, görüşdə hər iki prezidentlə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib.

Onun sözlərinə görə, bu, “1994-cü ildə atəşkəs qüvvəyə minəndən bəri münaqişədə ən çox itki verilən dönəmə çevrilib”.

Birləşmiş Ştatlar inanır ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.

Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə çağırıb.

ABŞ dövlət katibi hər iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb.

Dövlət katibi, həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.

Eyni zamanda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter"dəki səhifəsində bu görüşə toxunub.

“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında dünən Uelsdə baş tutan danışıqlar səmərəli keçib. "Biz kömək etməyə hazırıq", o yazıb.

XS
SM
MD
LG