Accessibility links

Təbrizdə ‘inqilabçı tələbələr’ Cavad Zərifə qarşı mitinq keçiriblər


İslam İnqilabı ideyalarına bağlı olduqlarını bildirən bir qrup tələbə İranın Xarici Işlər Nazirliyinin Təbrizdəki nümayəndəliyi önündə piket keçirib.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, tələbələr İranın ABŞ ilə danışıqlar aparmağa hazır olduğunu ifadə etdiyi üçün xarici işlər naziri Məhəmməd Cavad Zərifə etirazlarını bildirmək üçün toplaşıblar.

Məhəmməd Cavad Zərif cümə günü Tehranda Almaniyanın Der Spiegel jurnalına verdiyi müsahibədə İranın Birləşmiş Ştatlarla danışıqlar aparmağa hazır olduğuna dair açıqlamalar verib.

Təbrizdə mitinq keçirən inqilabçı tələbələr Zərifin ifadələrini “zillətli ifadələr” kimi dəyərləndirib.

Şərqi Azərbaycan universitlərində fəaliyyət göstərən İslam İnqilabı Qvardiyasının könüllü “Bəsic” qüvvələrinin birliyi isə bu barədə bəyanat yayımlayıb.

Bəyanatda qeyd edilib ki, “Cavad Zərif bu ifadələri ilə general Qasım Süleymaninin hədəf və ideyalarına hörmətsizlik edib.”

İslam İnqilabı Qvardiyasına (Sepah) bağlı qüvvələr İranın müxtəlif şəhərlərində oxşar mitinqlər təşkil ediblər.

XS
SM
MD
LG