Accessibility links

Tehranın Evin həbsxanasında saxlanılan iki türk fəal yenidən məzuniyyətə buraxılıb


Bir həftə əvvəl məzuniyyətlərinin bitməsi ilə Tehranın Evin həbsxanasına qaytarılan türk dil haqları fəalları Behnam Şeyxi və Həmid Mənafi Nadarlı COVID-19-un yayılmasına qarşı tədbirlər çərçivəsində bazar günü yenidən məzuniyyətə göndəriliblər.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata görə, iki fəalın məzuniyyət müddəti bir ay olacaq.

Behnam Şeyxi və Həmid Mənafi keçən iyul ayının 21-də Əlirza Fərşi ilə bərabər Tehranda nəzarət altına alınaraq Evin Həbsxanasına göndərildilər.

Hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilib.

Tehran Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azadın kassasiya şikayətinə baxmışdı. Keçən yanvar ayında məhkəmə tərəfindən fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldı.

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Həmid Mənafi 2015-ci ilin aprel ayında Amerikanın Səsinə müsahibədə nəzarət altına alındıqları zaman, habelə daha sonra təhlükəsizlik qurumunda saxlanıldıqları günlərdə işgəncə və pis rəftara məruz qaldıqlarını bildirmişdi.

XS
SM
MD
LG