Accessibility links

Münhendə ABŞ Dövlət katibi, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri görüşüb


Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin mətbuat xidmətləri eyni məzmunlu məlumat yayıb.

Görüşdə həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid, dövlət katibinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.

Antoni Blinken ilk öncə Prezident Əliyevə və Baş nazir Paşinyana təşəkkür edib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət kaitbi qeyd edib.

Danışıqların detalları və nəticələri ilə bağlı tərəflər hələ məlumat yaymayıb. Həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin mətbuat xidməti görüşün başlaması və başa çatması əks olunan qısa məlumat yaymaqla kifayətlənib.

Xatırladaq ki, Nikol Paşinyan və İlham Əliyev sonuncu dəfə ötən il oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüb.

XS
SM
MD
LG