Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan Prezidenti ilə regiondakı durumu müzakirə edib, insan haqlarından narahatlığını bildirib


İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)
İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamentinin məlumatında Blinkenin prezident Əliyevi Laçın dəhlizinin kommersiya nəqliyyatı üçün açılmaasına çağırdığı və Ermənistanla ikitərəfəli danışıqlarda səyləri artırmağa təşviq etdiyi bildirilir.

“Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açılmasına çağırıb. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb. Dövlət katibi prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini ikiqat artırmağa təşviq edib. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da dilə gətirib,” Dövlət Departamentinin sözçüsünün açıqladığı məlumatda bildirilir.

Dövlət katibi Blinken Twitter səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti apardığını qeyd edib.

“Mən prezident Əliyevi Laçın dəhlizində kommersiya hərəkətini dərhal bərpa etməyə çağırdım. Hər gün blokadada qalması humanitar böhran riski yaradır və Ermənistan və Azərbaycanın sülh yolunda atdığı addımları sarsıdır. Birləşmiş Ştatlar bu səyləri dəstəkləməyə sadiqdir.”

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

“Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib”, məlumatda deyilir.

Mətbuat xidməti bildirir ki, Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib.

“Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir,” məlumatda deyilibilir.

Məlumatda bildirildiyinə əsasən, prezident Əliyev vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

“Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.

ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 18-da Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda deyilir ki, katib Blinken Nikol Paşinyanın sülhə sadiqliyini alqışlayıb və tərəflər Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılmalı olan addımları müzakirə edib.

“Dövlət katibi Laçın dəhlizinin blokadası səbəbilə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib”, bəyanatda deyilir.

Dövlət katibi həmçinin ABŞ-ın davamlı sülhə aparan səylərə və ABŞ-la Ermənistan arasında güclü çoxşaxəli ikitərəfli əlaqələrə dəstək vermək öhdəliyini təsdiqləyib.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG