Accessibility links

ABŞ Azərbaycana 5 minaaxtaran it göndərib


ABŞ Azərbaycana 5 minaaxtaran it göndərib (Foto ABŞ səfirliyinindir)
ABŞ Azərbaycana 5 minaaxtaran it göndərib (Foto ABŞ səfirliyinindir)

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı Marşal İrsi İnstitutu (Marshall Legacy Institute) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

“Burada həyat xilasetmə işlərinə başlayacaq Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq”, ABŞ səfirliyi bildirib.

2021-ci ilin noyabrında ABŞ səfirliyi bildirib ki, 2023-cü ilin birinci yarısınadək ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) minatəmizləmə işlərinə kömək etmək üçün əlavə olaraq 30 xilasedici minaaxtaran it hədiyyə edəcək.

ABŞ Azərbaycana 5 minaaxtaran it göndərib (Foto ABŞ səfirliyinindir)
ABŞ Azərbaycana 5 minaaxtaran it göndərib (Foto ABŞ səfirliyinindir)

Bundan əvvəl isə ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 40 xilasedici minaaxtaran it hədiyyə edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar dünyada adi silahların məhvi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasında istifadə olunub.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 284 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 47 nəfəri həlak olub. Həlak olanların 36 nəfəri mülki şəxslərdir.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG