Accessibility links

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini Xədicə İsmayılovaya qarşı təzyiqlərə son qoymağa çağırır


 Xədicə İsmayılova
Xədicə İsmayılova

Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalist Xədicə İsmayılovaya qarşı təzyiqləri pisləyən bəyanatlarla çıxış edib.

Belə ki, Amnesty İnternational beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətini araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı təzyiq və təqiblərə son qoyulmasına çağırıb.

“Hakimiyyət onun ölkədən çıxması barədə qadağanı ləğv etməli, onun insan hüquqlarının müdafiəsi sahəsində normal fəaliyyəti üçün şərait yaratmalıdır”, Amnesty International-ın bəyanatında deyilir.

“X.İsmayılovanı siyasi motivli ittihamlar əsasında həbs təhlükəsi gözləyir”, sənəddə vurğulanır.

Beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyası (IGPA) da “Azadlıq” radiosunun Azərbaycan xidmətinin şərhçisi Xədicə İsmayılovanın müdafiəsi ilə bağlı bəyanat yayıb.

“Azərbaycan hakimiyyəti onun xarici səfərlərinə qoyulan qadağanı dərhal aradan qaldırmalı, ona qarşı məhkəmə çəkişmələrinə son qoymalıdır. Vətəndaş cəmiyyətinə qarşı görünməmiş hücumların fonunda Xədicə İsmayılovanın həbsi qaçılmaz görünür və hakimiyyətin ölkədəki bütün tənqidi səsləri susdurmaq niyyətini təsdiqləyir”, bəyanatda deyilir.

Sənədi ARTICLE 19, Jurnalistləri Müdafiə Komitəsi, Senzura İndeksi, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Freedom Now, İnsan Haqları Evi Fondu, Mediaya Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Beynəlxalq PEN-klub və Sərhədsiz Reportyorlar kimi təşkilatlar imzalayıb.

“Beynəlxalq birliyi, əsasən Avropa Şurasını və üzv dövlətləri Xədicə İsmayılovaya qarşı siyasi motivli cinayət işini pisləməyə çağırırıq”, sənəddə vurğulanır.

IGPA üzvləri hesab edir ki, X.İsmayılovanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasına səfəri ona təzyiqlərə səbəb olub. Bu təzyiqlərə hava limanında beş saat saxlanma və axtarış, böhtan ittihamı ilə cinayət təqibinə məruz qalma, xarici səfərlərə qadağa daxildir.

“Azərbaycanda siyasi məhbuslar məsələsini qaldıranların özləri hakimiyyətin hədəfinə çevrilirlər. Lakin bu cür repressiyalar guya Azərbaycan hakimiyyəti tərəfindən dəstəklənən beynəlxalq insan hüquqları standartları ilə bir araya sığmır”, ARTICLE 19 təşkilatının proqram direktoru David Dias Joqeyz bildirib.

“Hakimiyyəti tənqid edənlərə qarşı təqiblərin davam etməsi cəsarətli hüquq müdafiəçiləri, vətəndaş fəalları və jurnalistlərin görünməmiş həbs dalğasının mərhələsidir. AŞPA-da siyasi məhbuslar problemini qaldıranlar hakimiyyətin əsas hədəfləri arasındadır”, İnsan Haqları Evi Fondunun eksperti Florian İrminger vurğulayıb.

“Biz Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təqiblərin artmasından, Xədicə İsmayılova və Arzu Qeybulla kimi jurnalistlərin qorxudulması cəhdlərindən çox narahatıq. Beynəlxalq birlik, əsasən də Azərbaycanın da üzvü olduğu Avropa Şurası ölkədə repressiyalara qarşı qətiyyətlə səsini ucaltmalıdır”, - Senzura İndeksi-nin baş direktoru Codi Qinsberq bildirib.

“Xədicə İsmayılova Azərbaycanda ən çox təqiblərə məruz qalan jurnalistlərdən biridir. O, müntəzəm olaraq qorxudulur, eyni zamanda onun həmkarlarına siqnallar ötürülür”, - Sərhədsiz Reportyorlar təşkilatının nümayəndəsi Virjin Danqle qeyd edib.

“IGPA Azərbaycan hakimiyyətini Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulmasına və siyasi motivli məhkəmə iddialarının aradan qaldırılmasına çağırır. Avropa Şurası ölkələri Azərbaycanı insan hüquqlarına dair öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsuliyyətə çağırmalıdır. AŞ Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın reputasiyası təhlükə altındadır”, sənəddə vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG