Accessibility links

Xədicə İsmayılova barədə qərardan kassasiya şikayəti veriləcək


Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)
Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

Jurnalist Xədicə İsmayılovanın vəkilləri onun 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil. Müdafiə tərəfi Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir. Bu barədə vəkil Fəxrəddin Mehdiyev jurnalistlərə bildirib.

Bundan sonra müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Müdafiə tərəfinin bu mövqeyi Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr iclasında səslənib.

X.İsmayılova iclasın əvvəlində bildirib ki, onun apellyasiya şikayətinə şifahi əlavəsi var.

“Məhkəmənin hökmündə deyilir ki, mənim adıma heç bir əmlak olmadığından heç nə müsadirə edilmir. Ölkədə vəziyyət ağırdır, neftin qiyməti düşüb, odur ki, könüllü olaraq öz əmlakım barədə məlumat vermək istəyirəm k, bu, müsadirə edilə bilər”, - o X.İsmayılova istehza ilə qeyd edib.

Sonra o, Londonda əmlakının olduğunu deyib. Lakin hakim onun sözünü kəsərək mahiyyəti üzrə danışmasını tələb edib.

Sonra vəkil Namazlı çıxış edib. O, məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətinə baxılmasını əsassız adlandırıb.

Vəkil xatırladıb ki, birinci instansiya məhkəmədə müdafiə tərəfi 30-dan çox vəsatət qaldırıb və onların heç biri təmin edilməyib.

Vəkil X.İsmayılovaya qarşı irəli sürülən iqtisadi ittihamların əsassız olduğunu bildirib. Çünki, o, radioda çalışdığı zaman maliyyə məsələlərinə məsul şəxs olmayıb, yalnız yaradıcı işlərlə məşğul olub.

O, məhkəməni X.İsmayılovaya bəraət verməyə çağırıb.

Vəkil Fəxrəddin Mehdiyev diqqəti ona yönəldib ki, maliyyə sənədlərinin heç birində X.İsmayılovanın imzası yoxdur. Belə olan halda onu mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınmada ittiham etmək absurddur.

X.İsmayılova qeyd edib ki, onun üzərindən “ölüm həddinə çatdırma” ittihamı götürülsə də hökmdə “psixiatrik ekspertza” xərclərinin ödənilməsinə görə onun 364 manat ödəməsi tələbi qalıb. Bu tələbin saxlanması onu göstərir ki, ittihamnamənin surəti sadəcə hökmə köçürülüb.

Hakim İlqar Murquzov növbəti dəfə jurnalistin mikrafonunu söndürərkən X.İsmayılova ona, -“sizin knopka ilə oynayan vaxtınız deyil”, - deyib.

Sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqın qeyri-obyektiv aparıldığını bildirib.

“İstintaq cinayət hadisəsinin olub-olmadığını müəyyən etməlidir. Həqiqət bundadır ki, məni jurnalist fəaliyyətimə, İlham Əliyevin və onun ailə üzvlərinin biznesini araşdırmağıma görə həbs ediblər. Əgər bunu mənə dərhal söyləsəydilər, mən apellyasiya şikayəti verməzdim”, o vurğulayıb.

Hakim yenə onun sözünü kəsərək mahiyyəti üzrə danışmasını tələb edib.

“16 cildlik işdə mənimsəmə haqda yazılsa da mənim nəyi mənimsədiyim aşkar edilməyib. Baxın, mən nə qədər düzgün insanam ki siz də mənim hansısa əmlakımın olduğuna inanmaq istəmədiniz”, o qeyd edib.

Dövlət ittihamçısı Abbas Abbaslı bildirib ki, jurnalistə qarşı irəli sürülən ittihamlar sübuta yetirilib. O, birinci instansiya məhkəmənin qərarının qüvvədə saxlanmasını xahiş edib.

Öz növbəsində vəkil Namazlı replika hüququndan istifadə edərək xatırladıb ki, X.İsmayılova öncə 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə ittiham edilib və digər ittihamlar üç ay sonra irəli sürülüb.

O, əbəs yerə üç ay həbsdə saxlandığına görə X.İsmayılovaya dövlətin kompensasiya ödəməli olmasının vacibliyini qeyd edib.

Lakin məhkəmə vəkillərin dəlillərinə məhəl qoymayaraq şikayətin təmin olunmaması və birinci instansiya məhkəmənin hökmünün saxlanması barədə qərar çıxarıb.

XS
SM
MD
LG