Xural qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev inzibati qaydada 12 sutka müddətinə həbs olunub. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müxbir Lənkəran rayonu Sərpəkəran kənd mollasından pul tələb etməkdə, namazda olan dindarlara qarşı hörmətsizlikdə ittiham olunur.
Müxbirin həbsini Lənkəran rayon polis şöbəsinin növbətçi hissəsindən də təsdiq ediblər. “Onun Sərpəkəran kənd məscidinin şüşələrini qırması ilə bağlı polisə şikayət daxil olub”, - deyə növbətçi hissədən bildiriblər.
Xural qəzetinin redaktoru Əvəz Zeynallı Amerikanın Səsi radiosuna bildirib ki, jurnalistin həbsi qəzetin 6 sentyabr nömrəsində çap olunan “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı məqalə ilə bağlıdır. “İki gün öncə Aydın Canıyevi şeyxülislamın adamları Bakıya dəvət etmişdi. Şeyxülislamın adamları Aydın Canıyevlə görüşdükdən sonra, o Lənkərana qayıtdı və həbs olundu”, - deyə cənab Zeynallı qeyd edib.
Məqalədə müxbir Milli Təhlükəsizlik Nazirinə müraciət edərək şeyxülislamın cənub bölgəsi üzrə nümayəndəsi və bir sıra məscidlərdə baş verən qanunsuz hərəkətlərdən yazır.
Müxbir həmçinin İrandan narkotik qaçaqmalçılığına toxunur. Cənab Canıyev eyni zamanda, şeyxülislamın qardaşı övladına, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadəyə, bir sıra din xadimlərinə əxlaqdankənar ittihamlar irəli sürüb.
Öz növbəsində, Sədi Axundzadə Turan Agentliyinə bildirib ki, onun ünvanına yazılan bütün ittihamları rədd edir. “İnzibati cəza başa çatdıqdan sonra Aydın Canıyevə qarşı şərəf və ləyaqətin alçaldılması iddiası ilə məhkəməyə müraciət edəcəm” , - deyə o, qeyd edib.