Böyük Azərbaycan Partiyasının sədrinin prezidentliyə namizədliyi irəli sürülüb

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə partiyanın siyasi şurası qərar qəbul edib.

BAP 2003-cü il mayın 11-də təsis edilib. 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınıb.

Elşad Musayevin 2003-cü ildə prezident seçkilərində də namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

O son 5 parlament seçkilərində də deputatlığa namizəd olub. Rəsmi məlumata görə, hər dəfə dairə üzrə ikinci səs toplayan namizəd olub.

Elşad Musayev 1963-cü il sentyabrın 5-də Ermənistranın Alaverdi rayonundan anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Dörd övladı var.

Musayev prezidentliyə namizədliyi irəli sürlən 4-cü şəxsdir. İndiyədək hazırki prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları, - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.