Vahid Qarabağlı: İran dövləti türk dilinə sərhəd çəkməyə, onu lokal bir dil səviyyəsində saxlamağa çalışır

Vahid Qarabağlı

Sosioloq və mədəni fəal Vahid Qarabağlı Dünya Ana Dili Günü münasibətilə Amerikanın Səsinə verdiyi müsahibədə İran dövlətinin türk dilini lokal bir dil səviyyəsində saxlamağa çalışdığını deyib.

Qarabağlı eyni zamanda deyir ki, türk dili İran Azərbaycanında cərəyan edən milli mübarizənin mərkəzində yer alır.

Your browser doesn’t support HTML5

Vahid Qarabağlı: İran dövləti türk dilinə sərhəd çəkməyə, onu lokal bir dil səviyyəsində saxlamağa çalışır

“Güney Azərbaycanda olan milli hərəkat və türklərin hərəkatı dili mərkəzə qoyur. Çünki, onlar hiss edirlər ki, türk toplumu və Azərbaycan bölgəsi dil üzərindən bir ayrı-seçkiliyə məruz qalır. Necə ki, İranda din üzərindən qeyri-şiələrə qarşı, sünnilərə qarşı bir iqtisadi və mədəni ayrı-seçkilik tətbiq olunur, dil üzərində də qeyri-farslara, özəlliklə türklərə qarşı yüzillik bir ayrı-seçkilik var”, mədəni fəal bildirib.

Qarabağlı keçən təqribən 45 il ərzində İran Azərbaycanı və Tehranda bir çox yazar və ziyalının türkcə nəşr sahəsində səylərinə diqqət çəkir:

“Məsələn İnqilabdan sonra Doktor Heyət və Doktor Nutqi kimi aydınlar tərəfindən yaradılan Varlıq dərgisi türk dili və ədəbiyyatı ilə bağlı fəaliyyətlər etdi. Bu hərəkatın öndə gedənləri türk dili ətrafında birləşdilər. Öyrəncilər də sonralar türkcə dərgilər çıxararaq, türk dilində təhsil və türkcənin İranda rəsmiləşməsini tələb edərək onu mücadilənin mərkəzinə yerləşdirdilər. Stadionlarda da türk dilində mədrəsə olmalıdır hərkəsə və türk dili rəsmi olsun şüarları səsləndirilir.”

SEE ALSO: İran Azərbaycanında Dünya Ana Dili Günü qeyd edilir

Vahid Qarabağlı İran Azərbaycanında dil məsələsinin bir status məsələsi olduğunu önə çəkir. O deyir ki, “İranda türkcə məsələsi mənə görə bir status məsələsidir. Çünki, 20-ci əsrin başlarında modern İran dövlətinin yaranması və ümumi təhsilin və mətbuatın ortaya çıxması ilə İran dövləti bütün ölkdə öz hakimiyyətini qurmağa çalışdı və bunu dil üzərindən həyata keçirdi... İranda türkcəni təhqir və inkar etdilər. Dedilər ki, bunlar əslində türk dilində danışmırlar, danışırlarsa da bunlar əslində fars köklü olan azəri dilini danışırdılar və tarix prosesində türkləşdilər. Beləcə türk dili dövlət qurumları və mədəni sahələrdə statussuzlaşdırıldı.”

Sosiloq dil üzərindən tətbiq edilən ayrı-seçkiliklərin həyatın digər sahələrində də ortaya çıxdığını vurğulayır.

Onun sözlərinə görə, “milli hərəkat içində türkcə məsələsi ilə bağlı fərqli söyləmlər və diskurslar var. Haq söyləmi də var, status söyləmi də. Ancaq, bunun siyasi, ictimai, iqtisadi və tarixi cəhətlərini anlamaq status söyləmi üzərindən mümkündür. Çünki, İranda dil üzərindən fərqli güc münasibətləri yaradılıb. Türklər dil üzərindən ikinci dərcəli vətəndaş statusuna endirilib.”

SEE ALSO: Ural Hatəmi: İran hökümətləri son yüzildə türkcənin mədəni və sosial sərmayə olaraq inkişafına icazə verməyiblər

Vahid Qarabağlı əlavə edib ki, “İranda hökümətin türkcəni kontrol etməyə və ona sərhəd çəkməyə çalışması əslində hökümətin bu məsələyə bir status məsələsi kimi baxdığını göstərir. İran höküməti türkcəni lokal bir dil səviyyəsində saxlamaq istəyir. Hökümət necə ki, türkcəyə məktəblərdə imkan vermir, necə ki, ölkə səviyyəsində dirçəlməsinə və işlədilməsinə imkan vermir, qonşu ölkələrdə olan imkanlardan istifadə etməsini və qonşu ölkələrlə irtibatını da məhdud etməyə çalışır. Türkcəni bir təhdid olaraq görür”.