Həbsdə olan jurnalistin səhhətinin pisləşdiyi bildirilir

Şamo Eminov (Mənbə: Sosial şəbəkə)

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Kanal-13” İnternet televiziyasının əməkdaşı Şamo Eminovun vəziyyəti pisləşib.

Jurnalistin həyat yoldaşı Dürdanə Eminova martın 27-də təcridxanada onunla görüşdən sonra Amerikanın Səsinə bildirib ki, Şamo Eminov haqsızlığa dözə bilmir.

Your browser doesn’t support HTML5

Dürdanə Eminova: Həyat yoldaşım günahsız həbsinə dözə bilmir

"Şamonun gözləri qızarmışdı, əlləri əsirdi. Gördüm gərgindir. Soruşdum ki, nə olub? Dedi ki, günahsız olduğu halda həbsdə qalmasına dözə bilmir və intihar etmək istəyir", Eminova qeyd edib.

Bundan əlavə, jurnalistin qaraciyər və mədəsilə bağlı ciddi problemləri var. Bir neçə gün əvvəl ağzından qan gəlib.

O, günahsız olduğunu bildirir.

“Günahsız olduğum halda mən niyə həbsdə olamlıyam. Şamo azad olunmasını tələb edir”, Dürdanə Eminova Amerikanın Səsinə deyib.

Şamonun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edilib.

Bundan öncə Dürdanə Eminova Şamonun əsassız həbsilə bağlı ombudsmana müraciət edib, həmçinin ölkə prezidentinə müraciət etmək niyyətindədir.

Bununla bağlı Penitünsiar Xidmət və Ombudsman Aparatı hələ münasibət bildirməyib.

“Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov 22 dekabr 2023-cü ildə saxlanılıb. Məhkəmə onu "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittihamı ilə üç ay müddətinə həbs edib

Bundan əvvəl, 27 noyabr 2023-cü ildə “Kanal-13”ün rəhbəri Əziz Orucov eyni ittihamla həbs edilib.