Vəkil Toğrul Babayevin Amerikanın Səsinə müsahibəsi
Your browser doesn’t support HTML5
Noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə qərarının icrası ilə bağlı məsələyə baxıb. Plenum İnsanov barəsində Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, birinci instansiya məhkəmənin, - Azərbaycan Ağır Cinayətlərə dair Məhkəmənin həbs qərarını isə qüvvədə saxlayıb. Ali Məhkəmənin Plenumu həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının xüsusatlarına baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Əli İnsanovun vəkili Toğrul Babayev Amerikanın Səsinə müsahibəsində plenumun qərarı ilə razılaşmadığını və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə şikayət edəcəklərini bildirib.
Vəkilin fikrincə, Ali Məhkəmənin Plenumu AİHM-nin qərarı ilə əlaqədar Azərbaycan məhkəmələrinin bütün hökmlərini ləğv etməli və İnsanovu həbsdən azad etməli idi.
Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də Əli İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi həbs edilib. O, öncə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib, sonra ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Jurnalistlər və İnsanovun tərəfdarı dinləmələrə buraxılmayıb. İnsanov özü də prosesə gətirilməyib.
Əli İnsanovun tərəfdarları plenumun qərarını siyasi adlandırıb.
“İnsanovla eyni ittihamlarla həbs edilən digər nazir iqtidarı dəstəklədikdən sonra həbsdən azad edilib. Əli İnsanov isə öz mövqeyini müdafiə etdiyindən həbsdə saxlanıb”, İnsanovun tərəfdarlarından olan Yalçın Qəhrəmanov deyib.
Bununla belə, Plenum AİHM-nin müxalifət və ictimai xadimlərin – Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Arif Hacılı, Rauf Arifoğlu, İqbal Ağazadə, İbrahim İbrahimli və Etimad Əsədovun mülki iddiaları üzrə qərarlarının icrası məsələlərinə baxılmasını təxirə salıb.
Bu, məruzəçi hakim Fərhad Kərimovun xəstəliyi ilə əsaslandırılıb.