Araz Niyuz və Urmu İşçiləri sitələrinin yaydıqları xəbərlərə görə 12 Azərbaycanlı mədəni və siyasi fəal Təbrizin İnqilab məhkəməsində bəraət qazandılar. Həmin sitələr məhkəmə qərarının bir hissəsininin də şəklini yayıblar.
Sözügedən saytların xəbərlərində bəraət qazanan 12 fəalın siyahısı da verilib. Bu fəalların adları aşağıdakı kimidir: Sabir Cəhani, Səyid Cəhani, Əta Kərimi, Ərsalan Zareyi, Abdullah Zareyi, Hösen Nəsiri, Mürtəza əvəzpur, Məhəmməd Təbrizi, Yavər Cəmali, Məhəmməd Məhəmmədli, Tayyib Lütfü, və Mehdi Əjdəri. Həmin saytlar bu 12 nəfərin İran Azərbaycanında İnsan Haqları, dil və mədəni azadlıqları yolunda çalışdıqlarını yazır.
Hər 12 siyasi fəalı Təbrizin İttilaat idarəsi "Azərbaycanlı siyasi qrupların xeyrinə təbliğat aparmaq" da ittiham etmişdi. Onlar uzun müddət İttilaatda bir nəfərlik kameralarda saxlanmış dəfələrlə sorğu-sual edilmiş və axırda mühakimə üçün Təbrizin İnqilab Məhkəməsinin ikinci şöbəsinə göndərilmişdilər.
Bir müddətdir ki, İran Azərbaycanında kütləvi mühakimələr bərpa olur. İranda kütləvi mühakimələr nəticəsində nadir olaraq bəraət qərarı verilir. Məhkəmənin qərarına əsasən, 20 gün ərzində İttilaat idarəsi və ya prokurorluq (Dadsitani) bəraət hökmünə qarşı etiraz verəbilər.