Accessibility links

Amerika Sülh Korpusunun könüllülərinin andiçmə mərasimi olub


Amerika Sülh Korpusunun könüllülərinin andiçmə mərasimi olub

Amerika Sülh Korpusunun könüllülərinin andiçmə mərasimi olub

Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyətə başlayıb. İndiyədək ölkədə 389 könüllü xidmət göstərib.

Amerikanın Sülh Korpusunun 9-cu könüllülər qrupunun andiçmə mərasimi olub.

9-cu könüllülər qrupu Amerikanın 19 ştatından olan 44 nəfərdir, Azərbaycanın 24 rayonunda fəaliyyət göstərəcək. Onların 23 nəfəri ingilis dilinin tədrisi, 10 nəfəri gənclərin inkişafı və 11 nəfəri icmanın iqtisadi inkişafı sahəsində çalışacaq. Könüllülər bu ilin sentyabrında Azərbaycana gəlib. Son 10 həftə ərzində yerli ailələrdə qalıb, Azərbaycan dili, texniki dərslərə cəlb edilib, adət-ənənəni öyrənib.

Andiçmə mərasimində Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, təhsil, gənclər və idman nazirlərinin müavinləri, iqtisadi inkişaf nazirliyinin departament rəhbəri iştirak edib.

Könüllülərin andiçməsini qəbul edən Metyu Brayza onları Azərbaycanda Amerika dəyərlərini, inam və təcrübəsini bölüşməyə dəvət edib. “Könüllülər Azərbaycan dəyərlərini daha dərindən bilən Amerika vətəndaşlarıdır. Onlar Amerikaya qayıtdıqdan sonra Azərbaycanın qeyri rəsmi səfirləri olur. Könüllülər Azərbaycanla bağlı müxtəlif qurumlara məsləhətlər verir”, - deyə o qeyd edib.

Səfir hətta özünün də könüllülərdən məsləhət aldığını diqqətə çatdırıb. “Mən Amerika şirkətlərinin Azərbaycanın kənd təsərrüfatına investisiya qoymasını istəyirəm. Ölkənin kənd təsərrüfatını sülh korpusunun könüllüləri ilə söhbətlərimdə daha ətraflı öyrənirəm və Amerika şirkətlərinə məsləhətlər verirəm”.

Azərbaycan rəsmiləri çıxışlarında könüllülərin Azərbaycanda indiyədək hər hansı ciddi problemlə qarşılaşmadığını deyib. “Biz sizin simanızda yeni dostlar qazanırıq. Ümid edirik ki, Azərbaycan gerçəkliklərinin, mədəniyyətini, tarixinin Amerikada təbliğində mühüm rol oynayacaqsınız. Xüsusilə, erməni lobbisi güclü olan Amerikada Azərbaycan həqiqətlərinin insanlara çatdırılmasına böyük ehtiyac var”, - deyə Təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib.

Könüllülər Azərbaycan ailələrində sevinclə qarşılaşdıqlarını deyib. “Biz ölkəyə gələndə Azərbaycan dilində iki söz bilirdik: hə və yox. Sonra məişətdə daha çox işlənən daha iki söz öyrəndik: çörək və kartof. Bununla da kifayətlənmədik. Öyrəndik ki, Azərbaycanda ədəbi dillə, danışıq dili arasına çox fərq var. Məsələn, dərsdə öyrənirdik, “necəsən”, amma bizim hal-əhvalımızı danışıq dilində “nətərisən” deyə soruşurdular. Biz soyuq su içirik, amma ailələrimiz çay içməyimizi istəyirdi”, - deyə könüllülərdən biri Azərbaycan dilində çıxışında bildirib.

Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyətə başlayıb. İndiyədək ölkədə 389 könüllü xidmət göstərib.

XS
SM
MD
LG