Accessibility links

Keçmiş diplomat və rəsmilər Metyu Brayzanın Azərbaycanda səfir təsdiq edilməsini istəyir


Keçmiş diplomat və rəsmilər Metyu Brayzanın Azərbaycanda səfir təsdiq edilməsini istəyir
Keçmiş diplomat və rəsmilər Metyu Brayzanın Azərbaycanda səfir təsdiq edilməsini istəyir

Senata göndərilən məktubu Nikolas Berns, Yan Bjezinski, Tomas Pikerinq, Devid Kramer, Fred Star, Ross Uilson və digər məşhur şəxslər imzalayıb.

26 keçmiş diplomat və Vaşinqtonun yüksək vəzifəli rəsmiləri bu gün Senat rəhbərliyinin adına Metyu Brayzanı Azərbaycanda səfir vəzifəsinə təsdiq etmək çağırışı ilə məktub göndəriblər.
Turan Agentliyi məktubun mətninə istinadən yazır ki, cənab Brayza son il Azərbaycanda uğurla işləmiş, peşəkarlığını və böyük təcrübəsini nümayiş etdirmiş karyeraya malik diplomatdır. “Metyu Brayza özünü ABŞ üçün getdikcə daha mühüm dövlətə çevrilən Azərbaycan kimi ölkədə işləmək üçün bütün zəruri keyfiyyətlərə malik olan nadir diplomat kimi göstərib. Onun namizədliyinin blok edilməsi müəyyən qüvvələrin onu erməni soyqırımını inkar etməkdə ittiham etmək cəhdlərinin nəticəsidir. Lakin ABŞ-ın siyasəti ondan ibarətdir ki, Amerika hakim rolunda çıxış etmir və Türkiyə və Ermənistan xalqlarına bu məsələ ilə bağlı razılıq əldə etməsi imkanı yaradır”.
Keçmiş diplomatlar və rəsmilər hesab edir ki, Metyu Brayzanın Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədri və regionda energetika məsələləri üzrə müşavir vəzifəsində təcrübəsini nəzərə alnarsa, Azərbaycanda səfir vəzifəsinə daha uyğun namizəd tapmaq çətindir. O, həmçinin bu strateji əhəmiyyətli ölkədə demokratiya və azadlıqların müdafiəçisi kimi çıxış edir. “Biz qətiyyətlə sizi dərhal səsvermə keçirməyə və Brayzanı Azərbaycanda səfir vəzifəsinə təsdiq etməyə çağırırıq”, - deyə məktubda qeyd edilir. Məktubu Nikolas Berns, Yan Bjezinski, Tomas Pikerinq, Devid Kramer, Fred Star, Ross Uilson və digər məşhur şəxslər imzalayıblar.
Xatırladaq ki, Metyu Brayzanın təsdiq edilməsini senatorlar Pelosi və Menendez blok edir.

XS
SM
MD
LG