Accessibility links

Azadlıq qəzetinin bağlanmaq təhlükəsi narahatlıqla qarşılanıb


"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

"Azadlıq" qəzetinin redaktor müavini Rahim Hacıyev

Beynəlxalq təşkilatlar qəzetə təzyiqləri pisləyir, nəşrin müdafiəsi məqsədi ilə görüş keçirilib

“Human Rights Watch”, “Sərhədsiz reportyorlar” və digər beynəlxalq hüquq müdafiə təşkilatları “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsi ilə üzləşməsindən narahatdır.

Bu gün ABŞ, Böyük Britaniya, Norveç, Hollandiya, Almaniya səfirliklərinin, ATƏT, Avropa İttifaqı, USAİD və İREX-in əməkdaşları “Azadlıq” qəzetinin redaktor əvəzi Rahim Hacıyevlə görüşüb.

Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber hakimiyyətin Azərbaycanın aparıcı qəzeti “Azadlıq”a qarşı təzyiqini kəskin şəkildə pisləyib.

O Turan agentliyinə bildirib ki, hakimiyyət qəzeti yüksək məhkəmə cərimələri ilə boğmağa çalışır.
“Buna görə beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı sərt mövqe tutması həddindən artıq vacibdir”, deyə o qeyd edib.

“Sərhədsiz reportyorlar” təşkilatının isə bəyanatında deyilir ki, hakimiyyət ölkənin aparıcı müxalif nəşrini həddindən artıq böyük məhkəmə cərimələri ilə bankrot etmək üçün məhkəmə sistemindən istifadə edir.

“Qəzetə bu qeyri-proporsional cəza açıq-aşkar siyasi motiv olduğunu göstərir və “Azadlıq” qəzetinin məhvinə yönəlib”, deyə bəyanatda qeyd edilib.

“Bununla da hakimiyyət Azərbaycanın qoşulduğu və Avropa İnsan Hüquqları Məhkəməsinin sadiq olduğu beynəlxalq müqavilələri açıq-aşkar pozur”, deyə sənəddə qeyd edilir.

“Medianın tamamilə nəzarət altında olduğu bir ölkədə “Azadlıq”ın aradan qalxmasının çox ciddi nəticələri olacaq. Buna görə, beynəlxalq ictimaiyyət açıq-aşkar mətbuat azadlığının bu şəkildə pozulmasının yolverilməz olduğunu bəyan etməlidir, xüsusən, prezident seçkiləri ərəfəsində”, deyə bəyanatda qeyd edilir.

Sənəddə xatırladılır ki, fevralın 19-da məhkəmə qəzeti Binə ticarət mərkəzinin sahibinin iddiası ilə 32 min manat və Bakı Metropoliteninin direktorunun iddiası ilə 30 min manat məbləğində cərimə edib.

Bütün bunlarla yanaşı, qəzet “Qasid” dövlət mətbuat yayımı firmasından 35 min manatlıq borcunu ala bilmir.

Fevralın 28-də həmçinin “Azadlıq” qəzetinin redaktor əvəzi Rahim Hacıyevin Bakıdakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü olub.

Görüşdə ABŞ, Böyük Britaniya, Norveç, Hollandiya, Almaniya səfirliklərinin, ATƏT, Avropa İttifaqı, USAİD və İREX-in əməkdaşları iştirak ediblər.

Redaktor əvəzi qəzetə qarşı məhkəmə iddiaları və qəzet əməkdaşlarının qohumlarının təqib olunması ilə əlaqədar çətin vəziyyət barədə məlumat verib.

“Bütün bunlar qəzeti susmağa və hakimiyyəti tənqid edən materiallar dərc etməməyə məcbur etmək məqsədilə edilir”, deyə o qeyd edib.

Xüsusən son vaxtlar, İsmayıllı hadisələrindən sonra qəzetə qarşı təzyiq artıb. Əməkdaşların qohumları həbs edilib və prokurorluq orqanları tərəfindən təzyiqlər olub.

Müzakirələr zamanı qəzetə mümkün dəstək yolları haqqında fikir mübadiləsi aparılıb və ölkədə prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyətə qiymət verilib.

“Azadlıq” qəzetinin ölkənin ilk müstəqil qəzeti olduğu və onun bağlanmasının demokratiyanın məğlubiyyətini təcəssüm etdirən mənfi hal olardı. Həmçinin “Azadlıq”ın müdafiəsi işinə ictimaiyyətin geniş şəkildə cəlb edilməsi təklif olunub.
XS
SM
MD
LG