Accessibility links

Ölkədə azı 500 peşəkar jurnalistə ehtiyac duyulur.

Azərbaycan-Amerika Jurnalistika Akademiyasının 14 nəfər məzununa sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Dam Sterlinq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, ATƏT-in Bakı nümayəndəliyinin rəhbəri, səfir Koray Tarqay, ANS şirkətlər qrupunun rəhbərləri, akademiyanın müəllimləri və ekspertlər qatılıb.
Çingiz Mustafayev Fondunun təsis etdiyi Azərbaycan-Amerika Jurnalistika Akademiyası Amerika səfirliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu il akademiya 6-cı buraxılış məzunlara sertifikatlar təqdim edib. Akademiya 5 ildir fəaliyyətdədir və indiyədək 100 nəfər məzunu olub.
Bu, Azərbaycanın ən çox ehtiyacı olan layihələrdəndir. Ölkədə azı 500 peşəkar jurnalistə ehtiyac duyulur. İstənilən ölkənin inkişafında doğru, tərəfsiz və ədalətli xəbərlərin böyük önəmi var. Tədbirdəki çıxışların əsas məzmunu belə olub.
“İnkişaf edən Azərbaycanın inkişaf etmiş jurnalistikaya böyük ehtiyacı var. Ölkədə xüsusilə araşdırma jurnalistikasına böyük ehtiyac var”, - ATƏT-in Azərbaycan nümayəndəliyinin rəhbəri K. Tarqay qeyd edib.
Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqin fikrincə, jurnalist əsas işindən birinin rəsmilərə çətin sual verməkdir. “Jurnalistlər doğruluğu təmin etmək üçün, çox zaman çətin suallar verməlidir”, - o qeyd edib.
Cənab Sterlinq bir sıra şəxslərin qərbin mediaya dəstək əvəzində, onun problemlərindən danışmaqla kifayətləndiyi tənqidi ilə razılaşmır: “Azərbaycanda mediaya dəstək Amerikanın həmişə üstün mövqeyi olub. Amerika Azərbaycan-ABŞ Jurnalisatika Akademiyasına öz dəstəyindən də fəxr duyur”.
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle isə ANS-in və Azərbaycan jurnalistikasının uğurlarından danışıb. Səfir jurnalsist Eynulla Fətullayevin YUNESKO-nun mətbuat mükafatı almasını xüsusi qeyd edib.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə akademiyanın Bakının mərkəzi rayonunda yaxşı şəraiti olan binasının olduğunu deyib: “Bizim maliyyə vəsaitimiz də var. Sadəcə, ekspertlər və təlimçilərlə kömək edilərsə məzunların sayını artıra bilərik”.

XS
SM
MD
LG