Accessibility links

Beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanı jurnalistlərə hücumdan çəkinməyə çağırır


Beynəlxalq Tərəfdaşlıq Qrupu jurnalistlərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsini istəyir.

On beynəlxalq hüquq-müdafiə təşkilatı jurnalist İdrak Abbasovun işi ilə bağlı prezident İlham Əliyevə açıq məktub göndərib. Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti aprelin 18-də Bakı ətrafındakı Sulutəpə qəsəbəsində jurnalist İdrak Abbasova və Günay Musayevə amansız hücumla bağlı müstəqil və şəffaf təhqiqata başlamalıdır. Digər üç jurnalist Esmira Cavadovaya, Elnur Məmmədova və Qalib Həsənova hücumlar da bu təhqiqatın tərkib hissəsi olmalıdır. İnsident zamanı hadisə yerində polislər olub, lakin onlar jurnalistləri hücumlardan qorumaq üçün müdaxilə etməyib. Günay Musayeva bildirib ki, İdrak Abbasova hücumda polislər də iştirak edib. “Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu insident zamanı polisin rolunu yoxlamağa çağırır. Öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların şəxsiyyətləri müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Bu hücum Nazirlər Kabinetinin iclasında, siz ifadə və fikir azadlığına zəmanət verəndən 24 saat sonra baş verib. Odur ki, bu məsələ sizin təcili diqqətinizi və reaksiyanızı tələb edir”, - müraciətdə vurğulanır.

“Zerkalo” qəzetinin, Reportyorların Sülh və Demokratiya İnstitutunun müxbiri İdrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsində evlərin SOCAR-ın işçiləri tərəfindən sökülməsini işıqlandıran jurnalistlərdən biridir. Saat 12.00-a yaxın SOCAR-ın mühafizə xidmətinin işçiləri ona hücum edib. İ.Ababsov sağ gözündən ağır yara alıb, beyni silkələnib. O, bir neçə saatlığa huşunu itirib və indiyədək xəstəxanadadır.
“Yeni Müsavat” qəzetinin jurnalisti Günay Musayeva da hücuma məruz qalıb. “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova, Obyektiv televiziyasının əməkdaşları Elnur Məmmədov və Qalib Həsənov öz funksiyalarını yerinə yetirə bilməyib. Çünki SOCAR-ın mühafizəçiləri onların gəldikləri maşına hücum edərək şüşələrini sındırıb. Avtomobilin sürücüsü mühafizəçilərin təzyiqlərinə məruz qalıb. “Biz Azərbaycan hakimiyyətini zorakılığa son qoymağa, jurnalistlərə hücum edənləri açıq şəkildə pisləməyə çağırırıq. Hakimiyyət günahkarların və təhrikçilərin cəzalandırılması üçün təxirəsalınmaz, effektiv və müstəqil təhqiqata başlamalıdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, həmçinin insan hüquqlarına dair digər beynəlxalq sazişlərin iştirakçısı olan dövlət kimi Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi və BMT İnsan Hüquqları Komitəsi kimi beynəlxalq qurumların müvafiq qərarları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun olaraq insan hüquqlarına dair öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir.
”Biz sizi öz öhdəlik və zəmanətlərinizi sonadək yerinə yetirməyə çağırırıq ki, Azərbaycan hakimiyyəti bu hadisənin tam və şəffaf araşdırılması, həmçinin jurnalistlərə qarşı zorakılığın cəzasız qalmadığı atmosferin yaradılması üçün bütün mümkün tədbirləri görsün”, - sənəddə vurğulanır.

Müraciəti aşağıdakılar imzalayıb: Anyes Kallamar, ARTICLE 19, icraçı direktor Nina Oqnyanova, Jurnalistləri Müdafiə Komitəsinin proqram koordinatoru Ane Bonde, Human Rights House Foundation, regional menecer Kirsti Hyuz, Senzura İndeksi, icraçı direktor Bet Kosta, Beynəlxalq Jurnalistlər Federasiyası, baş katib Milisa Peşiç, KİV Müxtəlifliyi İnstitutu, icraçı direktor Byern Enqesland, Norveç Helsinki Komitəsi, baş katib Olivye Basil, Sərhədsiz Reportyorlar, baş direktor Elison Meston, Ümumdünya Qəzetçilər Assosiasiyası, direktor Sara Vyatt, Beynəlxalq PEN klub, direktor.

Show comments

XS
SM
MD
LG