Accessibility links

Azərbaycan-İran münasibətləri (mövqelər)


Azərbaycan-İran münasibətləri (mövqelər)
Azərbaycan-İran münasibətləri (mövqelər)

Siyasətçilər İranla normal qonşuluq münasibətlərinin davam etməsini istəyir. Eyni zamanda, Azərbaycanda terror cəhdlərini pisləyir.

İranın Azərbaycana nota verməsi ölkədə geniş tənqidlərə səbəb olub. İran tərəfi fevralın 12-də Azərbaycanın səfirini xarici işlər nazirliyinə dəvət edib və Tehranda nüvə alimlərini öldürən İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentlərinin Azərbaycan ərazisi vasitəsi ilə ölkəsinə qayıtdığı bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasını böhtan, iftira və yalan adlandırıb. “Azərbaycan səfirinin çağırılıb ona nota təqdim edilməsi Azərbaycanın ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı rəsmi Bakının notasına İran tərəfinin verdiyi absurd reaksiyadır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

O bəyan edib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil. “Azərbaycan terrordan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, İranın bəyanatının əsası yoxdur . “Azərbaycan xarici siyasətində, xarici ölkələrin müxtəlif təşkilatları ilə münasibətlərində qonşu ölkələrin maraqlarını daim nəzərə alır. Azərbaycan heç bir terror təşkilatı və insanlığa qarşı hər hansı hərəkətləri olan təşkilatlarla heç bir əlaqələrə malik deyil. İranın Azərbaycanı nədə günahlandırdığı da notada bəlli olmur. Düşünürük ki, İran dövləti hazırkı durumda qonşu ölkələrlə bir az ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir”.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr daimi Komitəsinin sədri Səməd Seyidov Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan İranla normal qonşuluq siyasəti aparmaq fikrindədir. “Ancaq, İranın Azərbaycanın daxili işlərinə qarışmaq və Azərbaycanda olmayanları şişirtmək istiqamətindəki bəyanatları heç də münasibətlərə xeyir gətirmir. Azərbaycan daim İranla münasibətlərində obyektiv mövqe tutmağa çalışıb. Prezident Əliyev dəfələrlə İranla münasibətlərin yüksək səviyyədə olması barədə istəyini bildirib”.

Komitə sədri hesab edir ki, reallığa uyğun olmayan məlumatlara əsasən Azərbaycanın İrandakı səfiri bu ölkənin xarici işlər nazirliyinə çağırılıb. “Ümumiyyətlə, İran reallığa uyğun olmayan bəyanatlar verilir. Azərbaycanın müstəqilliyinə xələl gətirən İran- Ermənistanla münasibətləri inkişaf edir. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də İranla münasibətlərini normalı saxlamaq fikrindədir”, - deyə o qeyd edib

“İranın Azərbaycanın əleyhinə nota səsləndirməsi üçün əsaslar mövcud deyil. İstərdim ki, Azərbaycan-İran münasibətlərinə kölgə salacaq hər hansı bir addım atılmasın. Amma, əsası olmayan notanın verilməsi istər-istəməz Azərbaycanla İran arasında formalaşmış mövcud və gələcəyinə böyük ümidlər bəslədiyimiz qonşuluq münasibətlərinə kölgə sala bilər”. Bu barədə YAP sədrinin müavini Əli Əhmədov Amerikanın Səsi radiosuna bildirib.

Onun fikrincə, İran Azərbaycanın yalnız qonşusu deyil. “İranla Azərbaycanın münasibətlərini müəyyənləşdirən digər amillər də var. Tariximizin çox oxşar cəhətləri, mədəni və mənəvi yaxınlıq , çoxlu sayda soydaşımızın, etnik azərbaycanlıların İranda yaşaması münasibətlərimizə xüsusi çalar və yaxınlıq gətirir”.

YAP sədrinin müavinin hesab edir ki, Azərbaycan və İran münasibətlərin azacıq da olsa korlanmasına səbəb olan addımlar atmamalıdır. “Biz İranla münasibətlərdə yaxın qonşuluqdan çıxış edirik”.

O, İranın kəşfiyyat xidmətinə bağlı insanların Azərbaycanda terror törətmək cəhdini pisləyir. “Terrora münasibət birmənalıdır. Terror aktlarının kimin tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan dövləti bunu pisləyir. Ərazimizdə hazırlanan terror hadisəsi ilə bağlı Azərbaycan dövləti həm vətəndaşlarının təhlükəsizliyi baxımından, həm də terror aktını hazırlayan qurumlara kəskin etirazını bildirir”, - deyə o qeyd edib.

Öz növbəsində, İranın rəsmi mövqeyini öyrənmək mümkün olmadığından, rəsmi Tehranın fikrilərini oxuculara çatdıra bilmirik.

Son məlumatına görə isə, İran Azərbaycanla sərhəddə rejimi sərtləşdirib.

APA Agentliyinin məlumatına görə, hazırda Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərindəki terminalda 60-a yaxın yük maşını, İran Astarası ərazisində də bir o qədər avtomobil sərhədi keçmək üçün növbə gözləyir.
Sürücülərin sözlərinə görə, İran gömrükçüləri avtomobillərin yükgötürmə qabiliyyətinin standartlara uyğun olmadığını bəhanə gətirərək, onların sərhədi keçmələrinə icazə vermir. Sürücülər bu tələblərin Rusiyaya məxsus yük avtomobillərinə şamil edilmədiyini bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG