Accessibility links

Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır (Audio)


Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır (Audio)

Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır (Audio)

O Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür.

Azərbaycan Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentinin İranda nüvə fizikası alimini öldürdükdən sonra Azərbaycan ərazisindən istifadə etməklə İsrailə getməsi barədə bu ölkənin Azərbaycana verdiyi notanı şərh edib. O eyni zamanda, Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür.

Sual: İran Xarici İşlər Nazirliyi fevralın 12-də Azərbaycana nota verib. Notada İranın nüvə alimini öldürən “Mossad” kəşfiyyat xidmətinin agentlərinin Azərbaycan ərazisinə keçməsi bildirilir. Necə qiymətləndirirsiniz?

Cavab: İran ətrafında vəziyyətin gərginləşməsi, Suriya məsələsinin aktuallaşması, eyni zamanda Azərbaycanın bu məsələlərdə getdikcə daha açıq-aydın mövqe tutması, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Suriya ilə bağlı qətnamənin lehinə səs verməsi İran-Azərbaycan münasibətlərinin gərginləşəcəyini göstərirdi.

Bu notaya gəlincə, Azərbaycanda bundan öncə apardılan həbslərin İran xüsusi xidmət orqanlarına bağlanmasına simmetrik bir cavab kimi də qiymətləndirmək olar. Ona görə də hər iki tərəfdən gələn informasiyalara tənqidi yanaşmaq lazımdır. Nəzəri cəhətdən təbii ki, bu mümkündür. Amma, bir araşdırma, istintaq aparmadan bir cinayət hadisəsi barədə fikri yürütmək qeyri-ciddidir.

Sual: Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İranın absurd xarakterli notası iftira, böhtan və yalandır. Bu Azərbaycanın bir neçə gün əvvəl İrana təqdim etdiyi notaya cavabdır. Yəni, Azərbaycan ərazisində Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi bir neçə şəxs Bakıdakı yəhudi məktəbinin müəllimini öldürmək üçün İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, silah və sursatla təmin edilib.

Cavab: Bundan öncə də, Azərbaycan hüquq-mühafizə orqanları Bakıdakı İsrail səfirliyinə qarşı planlaşdırılan bir hücum əməliyyatının qarşısını aldı. Bu şəxslərin məhkəməsi də oldu.

İran və İsrail təhlükəsizlik orqanlarının Azərbaycanda aktiv fəaliyyət göstərməsi düzgün informasiyadır. Bu yeni bir söhbət deyil. Yəqin ki, bu ölkələrin kəşfiyyat xidmətlərinin Azərbaycanda fəaliyyəti bundan sonra daha da aktivləşəcək. Belə ki, hər iki dövlət arasında münasibətlər getdikcə kəskinləşir. Hətta, İsrail tərəfindən İrana hərbi müdaxilə məsələsi tez-tez gündəmə gətirilir. Eyni zamanda, İranın ali dini rəhbəri bəyan edib ki, bu ölkənin hərbi potensialı İsraili doqquz dəqiqədə yer üzündən silməyə qadirdir. Eyni zamanda, İsrailin də qərarı var ki, İranın atom silahı əldə etməsi İsrail üçün qırmızı xətdir və o, buna imkan verməyəcək. Digər tərəfdən, Hörmüz boğazının bağlanması barədə İranın bəyanatından sonra Amerika, Böyük Britaniya və Fransa hərbi qüvvələrini bu istiqamətdə cəmləşdirir. Bir sözlə hərbi-siyasi gərginlik artır. Hərbi-siyasi gərginlik artdıqca isə xüsusi kəşfiyyat orqanları daha aktiv fəaliyyət göstərəcək, informasiya savaşı daha da qızışacaq. Daha çox informasiyalar gələcək, informasiya məkanı dezinformasiyalarla doldurulacaq. İnformasiyaları da daha düzgün analiz etmək, təhlil etmək və qiymətləndirmək çətinləşəcək. Bu, həm də bir informasiya savaşıdır. Bu baxımdan məsələlərə daha ehtiyatlı və tənqidi yanaşmaq lazımdır.

Bir daha qeyd edirəm ki, hər zaman ehtiyatlı və birtərəfli mövqe tutan Azərbaycan hökumətinin son zamanlar birmənalı mövqe tutması, ağır və sərt dildə İranı tənqid etməsi göstərir ki, artıq Azərbaycan hökuməti İran məsələsində də Suriya məsələsində olduğu kimi aydın, birmənalı mövqe tutmaqdadır. Bu isə göstərir ki, İran və Suriya məsələsi strateji bir bütövün ayrı-ayrı hissələridir.

Sual: Son zamanlar akademik Ziya Bünyadovun qətlindən başlayaraq, hicab məsələsi, islamçıların həbsi, İsrail və Amerika səfirliyi ilə bağlı problemin aradan qaldırılması, Rafiq Tağının qətli və Azərbaycan vətəndaşının İranda Əl Qaidə sıralarına keçməsi üçün ələ alınması və başqa çoxsaylı xəbərlər yayılmaqdadır. Bu fonda Azərbaycan İrandan gözlənilən təhdidlərin qarşısını almaq gücündədirmi və ya buna hazırdırmı?

Cavab: Burada iki məsələni ayırmaq lazımdır. Bir ikitərəfli münasibətlərdən irəli gələn problemlər var, bir də iki dövlət arasında münasibətlərin kəskinləşməsində maraqlı olan üçüncü qüvvələrin marağı var. Bu məsələləri bir-birindən ayırmaq çətin olsa da, hər halda bu cəhddə bulunmaq lazımıdır.

Konkret sualınızın cavabına gəlincə, düşünmürəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının resursları İranla mübarizəyə təkbaşına yetərlidir. Ona görə də Azərbaycan bu məsələlərdə Amerika, Avropa Birliyi və xüsusilə Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Mənim məlumatıma görə, İsraillə də sıx əməkdaşlıq edir. Azərbaycan hökumətinin getdikcə daha aydın mövqe tutması və getdikcə İrana daha sərt dildə cavab verməsi göstərir ki, artıq Azərbaycanın adını çəkdiyim qüvvələrlə, şərti desək koalisiya qüvvələri ilə gizli də olsa bir razılaşması var.

Sual: Ərəb baharının təhdidləri, NATO-nun Əfqanıstana yolu və İrana qarşı sanksiyaların dərinləşməsi fonunda Azərbaycanı hansı təhlükələr gözləyir?

Cavab: Azərbaycan Əfqanıstan əməliyyatlarında mühüm rol oynayır. Pakistanda gərgin vəziyyət yarandıqdan sonra Azərbaycanın tranzit əhəmiyyəti daha da artmaqdadır. Bu isə Azərbaycanın strateji əhəmiyyətini artırır. Əgər bəyan edildiyi kimi, NATO 2014-cü ilədək Əfqanıstandan çıxarsa, buna qədər Azərbaycanın əhəmiyyəti diqqət mərkəzində qalacaq. Bu isə İran-Azərbaycan münasibətlərinə mənfi təsirini saxlayacaq.

Ərəb baharı adlandırılan proses də davam edəcək. Artıq açıq cəmiyyətlər üzərində qurulan qapalı rejimlər təhdid hesab edilir. Heç təsadüfü deyil ki, demokratik dövlətlərin liderləri bəyan edir ki, dövrümüzdə qapalı rejimlərə yer yoxdur. İranın strateji müttəfiqi olan Suriyada proseslər gedir və hər kəsə aydındır ki, Bəşər Əsəd nə qədər müqavimət göstərsə də, sonda hakimiyyətdən getmək məcburiyyətində qalacaq. İran əslində bu gün Suriyada vuruşur. Bu gün Suriyaya qarşı kim gedirsə dolayısı ilə İranla da qarşıdurmadadır. Bu baxımdan, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnaməyə səs verməsi İranı qıcıqlandırmaya bilməzdi. Bu proseslər artıq qərbdən şərqə İrana, Azərbaycana, Rusiyaya doğru gəlir. Martın 4-də Rusiyada prezident seçkilərindən sonra bu ölkədə ictimai-siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi heç kimə bəlli deyil. Eyni zamanda, martda İranda parlament seçkiləri keçiriləcək. Martda İran və Rusiya ətrafında proseslərin daha da gərginləşəcəyi və Azərbaycan ətrafında da beynəlxalq vəziyyətin mürəkkəbləşəcəyini düşünürəm. Bu baxımdan Azərbaycan hökuməti resurslarının təkbaşına mübarizədə yetərsizliyini nəzərə almalıdır, beynəlxalq birliklə, xüsusilə qardaş Türkiyə ilə birgə hərəkət etməlidir.

Müəllifdən: İran tərəfindən rəsmi mövqe almaq mümkün olmadığından bu ölkənin mövqeyini dərc edə bilmirik.

Xatırladaq kİ, fevralın 12-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Xarici işlər Nazirliyinə dəvət edilərək, ona etiraz notası təqdim olunub.

İRNA dövlət agentliyinin məlumatına görə, İran tərəfi Azərbaycanı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edir. Rəsmi Tehran bildirir ki, məhz “Mossad”ın agentləri bu yaxınlarda nüvə üzrə alimlərin qətlini həyata keçirib və sonra Azərbaycan ərazisi vasitəsilə İsrailə gediblər.

İRNA-nın məlumatına görə, Tehran Bakıdan İrana qarşı əməliyyatın keçirilməsi üçün öz ərazisindən istifadə edilməsinə son qoymağı tələb edib.

Mövzuya uyğun

XS
SM
MD
LG