Accessibility links

Hərbi ekspert İranla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığı mümkün saymır


Cəsur Sümərinli hesab edir ki, hər iki ölkənin bəyanatları uzunmüddətli münasibətlər üçün hesablanmayıb.

İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib ki, Azərbaycan heç bir halda öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək.

İranın müdafiə naziri Əhməd Vahidi ilə görüşündə cənab Əbiyev qeyd edib ki, düşmənlər Bakı və Tehran arasında münasibətləri pozmağa cəhd göstərsələr də, hər iki ölkə düşmənçilik xarakterli yazıların dərcini dayandırmalı, KİV-in vəziyyətdən sui-istifadə etməsinə yol verməməlidir.

İRNA Agentliyinin məlumatına görə, Azərbaycan müdafiə naziri ölkəsinin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını deyib. O İran-Azərbaycan hərbi-texniki əməkdaşlığını regionda sülhün və sabitliyin açarı adlandırıb.

Öz növbəsində Əhməd Vahidi Tehranla Bakı arasında əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd edib. “Bunun sayəsində düşmənlər iki ölkənin arasını vura bilməyəcəklər”.

Beynəlxalq duruma toxunan cənab Vahidi iki ölkə arasında əməkdaşlığı regional dövlətlərin irəliləyiş və rifahının qarantı adlandırıb. O, İranın Azərbaycana lazımi hərbi texnikanı verməyə hazır olduğunu bildirib.

Azərbaycan müdafiə naziri İran prezidenti Mahmud Əhmədinejat və İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili ilə də görüşüb.

Prezident Əhmədinejat bildirib ki, düşmənlər Tehranla Bakı arasında münasibətlərin genişlənməsini istəmir. ”Əlbəttə, hazırda bir sıra süni problemlər mövcuddur ki, onları qarşılıqlı əlaqələrin səviyyəsini qaldırmaqla aradan götürmək olar. Bu gün hər iki ölkənin düşmənləri nə İranın mövcudluğunu istəyirlər, nə də Azərbaycanın. Onlar həmişə öz maraqlarını güdür və bu yolla da İranla Azərbaycan Respublikasını öz hegemonluğu altına gətirməyə çalışırlar. Əmin olun ki, Tehranla Bakı arasındakı münasibətlərə heç bir xələl gəlməyəcək. Çünki İran İslam Respublikası Azərbaycan Respublikasının əzəmət və inkişafını öz inkişafı sayır. Sözsüz ki, bu əlaqələr hansısa şəxsin, qrupun və ya medianın təsiri altına düşməyəcək. Biz çalışmalıyıq ki, iki ölkənin münasibətləri inkişaf etsin. Çünki Tehranla Bakı arasında münasibətlərin inkişafı həm də bölgə ölkələrinin xeyrinə olacaq”.

Nazir Əbiyev Tehranla Bakı arasında əlaqələrin genişləndirilməsinin vacibliyini bəyan edib: “Heç bir ölkə İranla Azərbaycan arasında münasibətlərə xələl gətirə bilməyəcək. Azərbaycan heç kəsə icazə verməyəcək ki, ərazisindən və ya səmasından İrana qarşı istifadə etsin. Çünki biz İranı özümüzə dost və qardaş ölkə sayırıq”, - deyə o qeyd edib.

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hər iki ölkənin bəyanatları uzunmüddətli münasibətlər üçün hesablanmayıb. “Həm Azərbaycan, həm də İran iki ölkə arasındakı hazırki gərginliyi yumşalmaq istəyir. Amma, nə İranın, nə də Azərbaycanın strateji maraqları hərbi əməkdaşlığa hesablanmayıb. Azərbaycan İranla hərbi-texniki əməkdaşlıq edə bilməz. Çünki, Azərbaycan ordusunu NATO standartlarına keçirməyi məqsəd qoyub. Eyni zamanda da Amerika və Avropa Birliyi ilə strateji əməkdaşlıq edən Azərbaycan İranla geniş əməkdaşlıda maraqlı deyil”.

Ekspert həmçinin İranın da Azərbaycanla münasibətlərində səmimi olmadığını diqqətə çatdırıb. “İran həm Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, həm də Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanla yaxın iqtisadi-siyasi əməkdaşlıq edir”.

XS
SM
MD
LG