Accessibility links

Azərbaycanda Avropa günü qeyd edilib (AUDİO)


Hazırda Beynəlxalq Avropa Hərəkatı 42 Avropa ölkəsində və 20 beynəlxalq qurumda təmsil olunur.

Azərbaycan Avropa Hərəkatı (AAH) Avropa günü münasibəti ilə yürüş keçirib. Hərəkata daxil olan bir sıra müstəqil və iqtidaryönümlü gənclər təşkilatları Milli Park boyu sakit şəkildə yürüş keçirib. Polis yürüşə müdaxilə etməyib.

“Avropalı gəzintisi” adı altında keçirilən yürüşdə Avropa Şurasının, Avropa İttifaqının və bu qurumlara daxil olan ölkələrin bayraqları, Avropa dəyərlərini əks etdirən “Azadlıq”, “Demokratiya”, “Fərqlilik”, “Azad söz”, “Müxtəliflik”, “Sülh”, “Mətbuat azadlığı”, “İnsan Hüquqları”, “Azad bazar” və başqa plakatlar qaldırılıb.

“Aksiyanın əsas məqsədi düşüncə, yaş, cins, irq, din və siyasi mənsubiyyətindən asılı olmayaraq, hamımızın avropalı olduğumuzu dünyaya çatdırmaq, cəmiyyətimizin müxtəlifliyi, Azərbaycan uğrunda birliyi, həmrəyliyi mesajını verməkdir”, deyə Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı bildirib.

Yürüş havaya sülh rəmzi olaraq üzərində Avropa İttifaqının emblemi əks olunmuş rəngli şarların buraxılması ilə başa çatıb.

Beynəlxalq Avropa Hərəkatı (BAH) 1948-ci ildə Üinston Çörçill və digər mütəfəkkirlər tərəfindən Avropa Birliyinin genişlənməsinə yardım etməklə yanaşı, ümumbəşəri dəyərlərin təbliği məqsədilə yaradılıb. BAH sülh, demokratiya, azadlıq, həmrəylik və insan hüquqlarına hörmət prinsipləri ilə Avropaya inteqrasiya prosesini təbliğ edir. Hazırda Beynəlxalq Avropa Hərəkatı 42 Avropa ölkəsində və 20 beynəlxalq qurumda təmsil olunur.

XS
SM
MD
LG