Accessibility links

GAMAC-ın ikinci qurultayı Almaniyanın Köln şəhərində keçirilib


GAMAC-ın ikinci qurultayı Almaniyanın Köln şəhərində keçirilib

GAMAC-ın ikinci qurultayı Almaniyanın Köln şəhərində keçirilib

Qurultaydakı çıxışıarda İran islam rejiminin ölkədə yaşayan on milyonlarla azərbaycanlılara və digər milli azlıqlara qarşı apardığı repressiv siyasət tənqid edilib.


Yanvarın 7-8-də Köln şəhərində “Youth Hostel”də (Gənclər Evi) Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) ikinci qurultayı olub. Qurultay Güney Azərbaycan Milli Hökumətinin (Pişəvəri hökuməti) himni ilə açılıb. Forumda GAMAC-ın gələcək fəaliyyəti, təşkilatlararası işbirliyi, təşkilata yeni üzvlərin cəlb olunması və Azərbaycan milli hərəkatı ilə bağlı məsələlər müzakirə olunub. Qurultay həbsdə olan milli fəallar və Urmu gölü ilə bağlı bəyanat, həmçinin ikinci qurultayın siyasi qətnaməsini qəbul edib. GAMAC-ın 13 nəfərlik yeni idarə heyəti seçilib. Professor Qulamrza Təbrizi 6 ay müddətinə cəbhənin sədri seçilib.
Qurultay Azərbaycan milli fəallarının mübarizəsində onlarla bir olduğunu nümayiş etdirib. Milli azadlıq mücadiləsi şəhidlərinin xatirəsi yad edilib, bu yolda ağır həbs və işgəncələrə məruz qalan milli fəalların mübarizəsinə dəstək əlaməti olaraq salonun ön cərgəsinə gül çələngləri düzülüb.
Təşkilatın 2009-cu ildə Brüsseldə birinci (təsis) qurultayı olub. GAMAC yalniz Güney Azərbaycan milli siyasi təşkilat, partiya və orqanların güc və iş birliyi cəbhəsidir. Cəbhə beynəlxalq hüquq normaları çərçivəsində Güney Azərbaycanın öz müqəddəratını əldə etmək üçün mübarizə aparır. GAMAC-ın ikinci qurultayı Amerika və Avropa İttifaqı ilə İran münasibətlərinin böhranlı vaxtına təsadüf edir. Bir çox ekspertlər bu il İrana hərbi müdaxilənin qaçılmaz olduğunu bildirir. Bu mənada Cəbhə də İran rejiminə qarşı mübarizəsində gücdən istifadəni istisna etmir.
Qurultay nümayəndələrindən biri Turan-a deyib ki, forumdakı çıxışların hamısı İran molla rejiminin və fars şovinizmin bu ölkədə yaşayan on milyonlarla azərbaycanlılara və digər milli azlıqlara qarşı apardığı repressiv siyasətin tənqidinə yönəlib. İran rejiminə ölüm şüarları səsləndirilib.
Ekspertlərin fikrincə, qərb və Rusiya tarix boyu İranda rejimlərin devrilməsində Cənubi Azərbaycan amilindən istifadə edib. Rejimlərin devrilməsində Azərbaycan hərəkatı həlledici rol oynayıb, amma yeni hökumətlər azərbaycanlıların milli və mədəni hüquqlarına hörmətlə yanaşmayıb. Bu səbəbdən də İranda yaşayan azərbaycanlılar öz milli azadlıqlarına qovuşmaq uğrunda mübarizəni davam etdirməkdədir. GAMAC -ın əsasnaməsində deyilir ki, cəbhə fars şovinizmi birinci düşməni elan edib və beynəlxalq hüquq qaydalarına uyğun olaraq rejimin məğlubiyyəti və Güney Azərbaycan türk millətinin öz hədəfinə nail olması üçün mübarizə aparır. İran tərəfi isə bu təşkilatı separatçılıqda günahlandırır.

XS
SM
MD
LG