Accessibility links

Haray proqramının bugünkü buraxılışını İranda azərbaycanlıların üzləşdiyi edam və digər cəzalara həsr etmişik. Azərbaycan Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının sözlərinə görə, bir çox sahələrdə müasirləşən, təkmilləşən İran bu kimi qədim cəza üsullarından əl çəkməlidir. Onunla söhbəti sizə təqdim edirik.

Sual: İranda çoxsaylı azərbaycanlı həbs edilib və dünyanın hər yerində yüzlərlə insan onların azadlığa buraxılmasını İran hakimiyyətindən tələb edir. Azərbaycanda bu sahədə hansı işlər görülür?

Cavab: DAK-nin idarə heyətinin görüşlərində bu məsələlər dəfələrlə müzakirə olunub. Mətbuatda müəyyən açıqlamalar gedir. Təəssüf ki, bizim böyük bir təzyiq mexanizmimiz yoxdur. Sevinirik ki, bu məsələ İranda yaşayan azərbaycanlı ziyalılar arasında çox böyük narazılıqla qarşılanır. Gündən-günə narazıların sayı artıq. Amma təəssüf ki, bizdə, burada güneydə gedən proseslərin bir hissəsinə vaxtında reaksiya verilmir. Biz bir millət, bir xalqıq və orada gedən xalqın demokratiya uğrunda mübarizəsi də bizim tərəfimizdən dəstəklənməlidir.


Sual: Bu günlərdə Azərbaycan parlamentinin plenar iclası açılacaq. Siz bir millət vəkili kimi İranda Azərbaycan ziyalılarının həbsi ilə bağlı məsələ qaldırmaq fikrindəsinizmi? Ümumiyyətlə, belə bir deputat qurpları varmı ki, bununla bağlı parlament qarşısında məsələ qaldırsınız?

Cavab: Dəfələrlə Azərbaycan parlamentində İranda millətlərə qarşı tutulan divan, siyasi azadlıqların pozulması, dillərin məhdudlaşdırılması və rəsmən qadağan olunması məsələsi ilə bağlı, bizim mədəni, yeraltı sərvətlərimizin, tarixi abidələrimizin talan edilməsi ilə bağlı fikirlər səsləndirmişəm, çıxışlarım olub. Bu məsələ də yəqin ki diqqətdən kənarda qalmayacaq. Yeri gəlmişkən, bizim İranda həbs olunan alimimiz Rəşid Əliyev İrana kömək üçün getmişdi, onu həbs etmişdilər. Bir il doqquz ay həbsdə qaldı. Onunla bağlı mən həm buradakı müdafiə komitəsinin işinə qatılmışdım və həm İslam Konfransı ölkələrinin parlament ittifaqının Uqandada keçirilən konfransında İranın indiki məclis başçısı Əli Laricani ilə görüşmüşdüm. Ona bu məsələni çox geniş şəkildə izah etmişdim. Bundan əlavə İranla yaxşı münasibəti olduğuna görə, Türkiyə rəhbərlərinə də bununla bağlı müraciətlər olmuşdu. Mənə elə gəlir ki, təkcə Rəşid Əliyev yox, İranda həbsdə yatan və ya İran rejiminin təzyiqlərinə məruz qalan hər bir azərbaycanlı bu cür müdafiə olunmalıdır.


Sual: Bu yaxınlarda Təbrizli qadının daşqalağı ilə bağlı məhkəmə qərarı müvəqqəti olaraq təxirə salındı. Bundan sonra İran Ali Məhkəməsi iki ərdəbillinin daşqalaq edilməsi ilə bağlı aşağı məhkəmənin hökmlərini təsdiq edib. Siz necə baxırsınız, İranda insanların daşqalaq edilməsi, xüsusilə də qadınların daşqalaq edilməsi nə qədər humanizm siyasətinə uyğundur?

Cavab: İranda bir yandan müasir texnologiya, o biri tərəfdən də İran feudal dövründən üzü bəri gəlməyib. İranda daşqalaq, insanların asılması, əlinin-qolunun kəsilməsi, müxtəlif cür başqa zülmlər. İnsanlıq, bəşəriyyət, dünya bunu neçə yüz il bundan əvvəl keçib gəlib. O məsələlərin hamısı arxada qalıb. İranda kifayət qədər intelektual səviyyəli, Avropada təhsil almış,dünya səviyyəsində düşünən insanlar var. İran çox qeyri-adi dərəcədə bir sıra sahələrdə, deyək ki, təbabətdə, bilgisayar texnologiyasında geri qalmış bir ölkə deyil. Amma bununla yanaşı, bu vəhşilikləri törədəndə insane bilmir buna necə qiymət versin.

XS
SM
MD
LG