Accessibility links

Yadigar Sadıqov: Zalım hakimiyyətdən qandal almaq bir mükafatdır (Yenilənib - Müsavat başqanının müşavirinin məhkəmədə son sözü)


Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Yadigar Sadıqov və Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyası rəhbərinin müşavirinə 6 il həbs verilib

Müsavat Partiyasının başqanının müşaviri Yadigar Sadıqov yanvarın 13-də Lənkəranda keçirilən məhkəmə prosesində 6 il həbsə məhkum edilib. Yeni Müsavat qəzeti Yadigar Sadıqovun məhkəmədə son sözünü dərc edib. Həmin çıxışın qəzetdə dərc edilmiş mətnindən sonuncu hissəni olduğu kimi diqqətinizə çatdırırıq:

“Təkcə siyasi deyil, dini, milli, ümumiyyətlə, hər hansı bir insan hüququndan söz açan dərhal həbs olunur. Sanki insan deyilik və hüquqlarımız da yoxmuş. Alim demirlər, ziyalı demirlər, dindar demirlər, ruhani demirlər, hamının cibinə narkotik atıb tuturlar. Ölkədə məhbusluğun neçə növü olarmış... Vicdan məhbusu, hicab məhbusu, “Eurovizion” məhbusları, “Molotov məhbusları”, İsmayıllı məhbusları, Quba məhbusları, “Binə” məhbusları... Avqustun sonunda Xəzər-Lənkəran-Neftçi oyunundan sonra hətta futbol məhbusları da peyda oldu. Öz xalqına bu qədər düşmən kəsilməyin səbəbi nədir?

Mən Müsavat başqanının milli məsələlər üzrə müşaviriyəm. Rusiyada FTX-nin (Federal Təhlükəsizlik Xidməti) qucağında oturmuş agentlərin qeyri-türk etnoslara mənsub gənclərin beyinlərini zəhərləmə, xalqlarımız arasında nifaq toxumu səpmə cəhdlərini öz savadım və arqumentlərimlə ifşa edirdim. Yadımdadır, bir neçə talış gənci etiraf edirdilər ki, yalnız mənim internetdə fəallığım onların gözünü açıb, agentlərin təsirinə düşməyə qoymayıb. Amma ən dəhşətlisi o idi ki, belə zəhəri yayanlar təkcə rus agentləri deyildilər. Bizim xüsusi xidmət orqanlarının agenti olduqlarına şübhə etmədiyim adamlar da bu işlə məşğul idilər. Onlar ən kiçik məmurun belə ünvanına bir tənqid demirdilər. Əvəzində Azərbaycan dövlətini, Azərbaycan türklərini təhqir edirdilər. Kimsə onlara toxunmur, bu gün də Lənkəranda asudə şəkildə yaşayırlar. Bunun müqabilində mən, Azərbaycan xalqları arasında nifaq toxumlarına imkan verməyən, bu xalqların qardaşlıq və bərabərlik halında yaşamalarının davamına çalışan, “parçala, hökm sür” siyasətini ifşa etdiyimə görə həbs olundum. Üzümü hakimiyyətə tutub məşhur lətifədəki sualı vermək istəyirəm: siz kimin əmisi oğlusunuz? Nəyə nail olmağa çalışırsınız?

Elşad Abdullayevin videosunda Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağabala Babayevin “bunlar faşistdən də pisdirlər” fikri çoxuna şişirtmə görünə bilər. Lakin xatırlayaq ki, nasist məhkəməsi Reyxstaqın yandırılmasında ittiham olunan kommunist Dmitryevin arqumentləri qarşısında duruş gətirməyib bəraət hökmü çıxarmışdı. Azərbaycan məhkəmələrində isə müsavatçının, hakimiyyətə müxalif olan digər şəxslərin bəraət alması presedenti hələ olmayıb. Atılan böhtan nə qədər ağlasığmaz olsa da, ittiham nə qədər bərbad tərtib edilsə də, müdafiənin arqumentləri daşı dəlib keçsə də, xeyri yoxdur. Onsuz da hakimlər sifarişə uyğun hökm çıxaracaqlar. Türk müğənnisi Yalın demişkən:

Bu nasıl bir cümhuriyyət,
Səninki nasıl bir hakimiyyət?

Həbs olunmamışdan öncə də Azərbaycan məhkəmələrinin ədalətdən uzaq olduğunu bilirdim. Ancaq həbsim müddətində gördüklərimdən dəhşətə gəldim. Sözlə ifadəsi mümkün olmayan rəzalət yaşanır. Ədalət ilahəsi Femidanı özünü sağa da, sola da satan pozğun qadına çeviriblər. Son 4 ayda istintaq hərəkətləri və məhkəmə prosesi ilə əlaqədar mütəmadi olaraq Lənkərana aparılıb-gətirilirəm, dustaqlarla təmasda oluram. Onlar sanki ədalət önünə deyil, bazara, möhtəkir yanına gedəcəklərmiş kimi davranırlar. Çünki ədaləti satılı əmtəəyə çeviriblər. Son aylarda istər Lənkəran rayon Məhkəməsində, istər Lənkəran Ağır Cinayətlər Məhkəməsində kimin hansı məbləğ müqabilində nə qədər iş aldığını əzbər bilirəm. Dustaqlar arasında bu tipli söhbətləri təsəvvür edə bilsəydiniz... Məsələn, filankəsdə də sənin maddən idi, 5 min verdi 1 il iş aldı. Və ya filankəsdən bu maddəyə görə 10 min almışdılar, səni aldadıb çox alıblar. Sanki bazarda aldadıb xiyar-pomidoru baha satıblar. Vay o haldan ki, müstəntiqin, hakimin önünə az-maz rifahı olan, lakin qanunlardan bixəbər birisi çıxa! Mal-qarasını, sonuncu toyuq-cücəsini satana qədər soyacaqlar. Başqalarına 5 manata satdıqları Femidanı ona 50 manata sırıyacaqlar. Dəhşətli məqamlardan biri də odur ki, dövlət tərəfindən (əslində isə müstəntiq tərəfindən) təyin edilən vəkillərin də əksəriyyəti bu işdə onlara yardım edirlər.

Axı azacıq vicdanı və ləyaqəti olan şəxs bu zülmə necə biganə qala bilər? Hakimiyyət məni cəzalandırdığını, əzab verdiyini düşünürsə, çox yanılır. Mən elə azadlıqda da əzab çəkirdim. Yuxarıda sadaladıqlarıma görə, neft pullarının havaya sovrulduğuna görə, insanımızın bütün hüquq və azadlıqlardan məhrum edilməsinə görə, XXI əsrdə ölkənin orta əsr düşüncəsi ilə idarə olunmasına görə əzab çəkirdim. Təqaüdü dərmanına yetməyən qocalara görə, sosial yardımı yeyilən kasıblara görə, uçuq-sökük məktəblərdə təhsil alan uşaqlara görə, narkotikin məhv etdiyi gənclərə və dağılan ailələrə görə, Rusiyaya işləməyə gedən övladına həsrət valideynlərə, atalarına həsrət övladlara görə, bir gədanın əmri ilə küçələri süpürməyə çıxan Lənkəran həkim və müəllimlərinə görə əzab çəkirdim və susmurdum. Yazdığım məqalələrdə Lənkəran İcra Hakimiyyətinin yarıtmaz fəaliyyətini və “gözə kül üfürmə” siyasətini tənqid etdiyimə görə həbs olundum. Lənkəran polisində müəmmalı şəkildə həlak olmuş Cəmil adlı Velədi kənd sakininin qardaşının harayını videoya çəkib internetdə yerləşdirdiyimə görə həbs olundum.

Lənkəranın sosial bəlasına çevrilən narkotik ticarəti haqqında informasiya topladığıma görə həbs olundum. Siyasi, milli, dini hüquqları müdafiə etdiyim üçün həbs olundum. Uzun müddət sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etdiyimə görə həbs olundum. Seçki ilində yanvar ayında prezidentliyə namizədliyini irəli sürmüş Müsavat başqanı İsa Qəmbəri elə yanvar ayında Lənkərana dəvət etdiyim və onun Lənkəran əhalisi ilə təmasına çalışdığım üçün həbs olundum. Həmin səfər zamanı rejim İsa Qəmbərə hücum təşkil etdi və onu müşayiət edən müsavatçıların avtomobillərini dağıtdı, özlərinə də xəsarət yetirdilər. Məhz bu tarixdən etibarən rejim mənim həbsim üçün planlarını qətiləşdirməyə qərar vermişdi.

Çox maraqlıdır ki, Lənkəran məhkəməsi bu saxta ittihamlar üzrə hökmü də mənə İsa Qəmbərin 1 il əvvəl Lənkərana səfəri günü -13 yanvarda oxuyacaq. Lənkəran kimi çoxsaylı əhaliyə malik rayonda Müsavat Partiyasının və ümumən müxalifətin fəaliyyətini zəiflətmək məqsədilə həbs olundum. Bir sözlə, mən iliyinə qədər müsavatçı, Azərbaycan sevdalısı, hürriyyətsevər olduğuma görə həbs olundum. Bununla məni susduracağınızımı sanırsınız? Yanılırsınız. Ölməz şairimiz müsavatçı Əhməd Cavadın

“Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram”,

misraları biz müsavatçıların həyat devizidir. Əhməd Cavad Stalin repressiyalarının qurbanı oldu.

Bu zalda da Lənkəranın qocaman müəllimlərindən, əski müsavatçılar nəslinin nümayəndəsi Adil Əsədov əyləşib. Baxmayaraq ki, bu gün onun 80 illik yubileyidir, bütün məhkəmə iclaslarında olduğu kimi, indi də mənə mənəvi dəstək verməyə gəlib. Onu təbrik edirəm və qarşısında baş əyirəm. Adil müəllimin atası İbad Əsədov 20-30-cu illərdə bir neçə dəfə həbs olunub. Sonuncu dəfə Adil müəllimin doğumundan az sonra Sibirə sürgün edilərək orada vəfat edib. Bu prosesdə Adil müəllimin hansı hisslər yaşadığını təxmin etmək çətin deyil. O, dövlət ittihamçısının da, hakimin də simasında atasını gedər-gəlməzə göndərmiş daşnak-bolşevik zehniyyətinin inikasını görür. Bəlkə də məhz buna görə hər məhkəmə iclasından sonra mənimlə sağollaşanda gözlərində yaş görürəm.

Təəssüf, çox təəssüf ki, müstəqil Azərbaycan dövlətində müsavatçılara qarşı daşnak-bolşevik siyasəti davam etdirilir. Müsavat Partiyasının ölkəyə bəxş etdiyi bayrağın və gerbin altında əyləşənlər müsavatçılıq məfkurəsinin daşıyıcılarını repressiyaya məruz qoyurlar. Lakin bu siyasət Müsavat Partiyasının, ölkənin azadlıqsevər ictimaiyyətinin demokratik və hüquqi dövlət, ədalətli cəmiyyət uğrunda mübarizəsini durdura bilməyəcək. Böyük Rəsulzadənin “Azərbaycan davası” adlandırdığı müqəddəs davamız labüd qələbəyə qədər davam edəcək. Əgər müsavatçı sələflərimiz amansız Stalin repressiyaları qarşısında Şimal Buzlu okean adalarında və Sibir buzlaqlarındakı ölüm düşərgələrində sınmayaraq, əqidələrinə sadiq qaldılarsa, bizə də onlara layiq
olmaq düşər. Əgər qəbilə halında yaşayan CAR qara dərililərindən öz amalı uğrunda 27 il həbsxanada yatmış Nelson Mandela çıxırsa, Azərbaycan xalqı kimi zəngin tarixə və mədəniyyətə malik toplumda millətinə görə həbsə hazır Yadigar Sadıqov olmazmı olur?

Henri Toronun “Ədalətsiz dövlətdə ədalətli insanın yeri həbsxanadır”, fikri var. Mən də iyunun 27-də qoluma vurulan qandalları Tanrının lütfü kimi qəbul etdim. Zalım hakimiyyətdən qandal almaq bir mükafatdır. Bu gün içində olduğum bu qəfəsi həyatımda yetdiyim ən yüksək məqam sayıram. Çünki məni buraya cinayət deyil, Vətənim və millətim naminə apardığım mübarizə yolu gətirib. Mən bu yolun heç bir qarışına görə peşman deyiləm, əksinə onunla qürur duyuram.

Cənab dövlət ittihamçısı və hakim!

Bayaqdan mən sizlərə deyil, zaldakılara xitab edərək danışıram. İndi isə üzümü sizə tutub soruşmaq istəyirəm: günahsız insanı məhkum edərkən heçmi vicdan əzabı çəkmirsiniz? Axı bu təkcə bir kişinin müəyyən müddətə həbs olunması deyil. Həm də valideynlərinin, xanımının, övladlarının, digər sevənlərinin həsrəti, ah-naləsi, göz yaşlarıdır. Bu boyda günahın altına necə girə bilirsiniz, gecələr necə yatırsınız, güzgüdə özünüzü görəndə necə utanmırsınız? Sanmayın ki, bunları ürəyinizi yumşaltmaq, cəzanı yüngülləşdirmək məqsədilə söyləyirəm. Mənə, doğrudan da, çox maraqlıdır. Bilirsiniz, uzun müddət müəllim işləmişəm. Olub ki, tələbə “yaxşı” ilə “əla” arasında cavab verib, qiymətini “yaxşı”ya daha layiq bilmişəm. Sonra da gün ərzində xatırlayıb özümdən soruşmuşam ki, görəsən, o tələbəyə qarşı ədalətsizlik etmədinmi, haqqını yemədim ki? Bəz siz belə duyğusuz olmağı necə bacarırsınız? Uşaqlıqda bir kitab oxuyanda, bir filmə baxanda mənfi personajdan, yoxsa müsbətdən nümunə götürmək istərdiniz? “Dədə Qorqud”da Yalıncığımı örnək seçdiniz? Niyə “aldadıb ər tutmaq arvad işidir” deyən Beyrəyə oxşamağa calışmadınız?

Sizlər bəlkə də düşünürsünüz ki, Yadigar Sadıqovun həbsi, cəza müddəti haqqında qərar başqa yerdə, başqa şəxslər tərəfindən qəbul olunub, sizin günahınız yoxdur. O zaman yadınıza Fransa istehsalı olan “Oyuncaq” filmindən bir səhnəni salmaq istəyirəm. Despot bir kapitalist öz işçisinə şalvarını çıxarıb ofisdə gəzməyi əmr edir. İşçi şalvarını çıxarandan sonra rəislə arasında belə bir dialoq yaşanır:

- Siz nə edirsiniz?

- Şalvarımı çıxardım, necə ki, siz istəmişdiniz.

- Deməli, siz bu halda ofisi gəzərək öz dalınızı işçilərə göstərməyə hazırsınız?

- Axı siz əmr etdiniz.

- İndi deyin görək, kim daha dəhşətlidir: sizə şalvarınızı çıxarmağı əmr edən mən, ya da elə ilk tələbdə şalvarınızı çıxarmağa hazır olan siz?

Cənab hakim və prokuror!

Siz necə, cavab verə bilərsinizmi, kim daha dəhşətlidir – sizə günahsız insanı həbs etməyi əmr edənlər, ya da bu əmri dinməz-söyləməz yerinə yetirən sizlər? Bəlkə siz bu qədər əmrə müntəzir, bu qədər buyruq qulu olmasaydınız, onlar da bu qədər zalım olmazdılar.

Əmrin özünə aid hissəsini ittihamçı Elnar Əli oğlu Hüseynov artıq yerinə yetirib. Bu səbəbdən yalnız hakim Elçin Məmməd oğlu Kazımova müraciət edirəm. Bilirəm faydası yoxdur, lakin borcumu yerinə yetirirəm. Çünki Həzrət Əlinin ölüm ayağında söylədiyi nəsihət var: “İnsanları yaxşı əməllərə çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin. Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas üçün dua edərsiniz, fəqət Allah dualarınızı müstəcəb etməz”. Mən də o böyük insanın tövsiyəsinə əməl edərək sizi ədalətsizlikdən çəkinməyə, mənə bəraət verməyə çağırıram.

Bilirəm, Lənkəran məhkəməsinin sədri kimi səlahiyyətlərinizdən istifadə edərək bu işi icraatınıza götürmüsünüz ki, fürsətdən yararlanaraq, özünüzü yuxarılara tanıdasınız. Bilsinlər ki, Lənkəranda belə bir hakim var ki, sifarişi dinməz-söyləməz yerinə yetirir, bəlkə qabağa çəkdilər. Mən isə sizi daha yuxarıları düşünməyə, ilahi ədalət qarşısında duracağınız anı düşünməyə çağırıram.

Deyirlər ki, Yaradan mələklərə yalnız ağıl, heyvanlara yalnız şəhvət, insanlara isə hər ikisini bəxş edib. Ağlı şəhvətindən üstün olan insan mələk səviyyəsinə qalxır, əksinə olanda isə heyvan səviyyəsinə enir. Məncə, heyvandan fərqli olaraq, insan şəhvəti yalnız cinsi istək deyil, yeyib-içməklə, var-dövlətlə, şöhrətpərəstliklə, vəzifə ilə də bağlıdır. Sizi şəhvətinizə deyil, ağıl və vicdanınıza ram olmağa çağırıram.

İndi isə seçim sizindir. Buyurun, verəcəyiniz hökmü dinləməyə hazıram. Son sözüm isə budur ki,

Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Vətən sağ olsun!

Millət sağ olsun!

Müsavat sağ olsun!”

Öz növbəsində rəsmi hakimiyyət ölkədə hüquqi dövlətin olduğunu, qanunun aliliyinin təmin edildiyini bəyan edir. Hökumət və məhkəmə hakimiyyətinin yüksək rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi əqidəsinə görə heç kimin həbs edilmədiyini bildirir.

***
Yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə onu 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilib.
Yadigar Sadiqova həmrəy olmaq üçün məhkəmə zalında olanlar dövlət himnini oxuyublar.

Posesdə təqsirləndirilən şəxsin vəkili Xalid Bağırov məhkəmədən Yadigar Sadıqova bəraət istəyib.

Sadıqovun vəkili ittihamı tamamilə saxta və siyasi əsaslı hesab edir. Onun sözlərinə görə, məhkəmə istintaqı Sadıqovun təqsirini sübuta yetirməyib. İttiham tərəfinin bütün şahidləri bələdiyyə və yerli icra hakimiyyəti ilə əlaqəlidir. Hadisə günü onlar çayxanada olmayıblar, kənd sakinləri də bunu təsdiq edir.

Daha sonra son söz demək üçün söz Yadigar Sadıqova verilib. O, özünü təqsirli bilmədiyini deyib.

Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.

Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.
XS
SM
MD
LG