Accessibility links

Milli Şura siyasi məhbusların həbsdən azad edilməsini tələb edir


Yadigar Sadıqov

Yadigar Sadıqov

Qurum Yadigar Sadıqovun həbs müddətinin uzadılmasını pisləyən bəyanatla çıxış edib

Avqustun 24-də Lənkəran şəhərində keçirilən məhkəmədə Müsavat Partiyasının başqanının 2 ay öncə həbs edilmiş müşaviri Yadigar Sadıqovun həbs müddəti daha bir ay uzadılıb.

Milli Şura Sadıqovun həbs müddətinin uzadılmasına etiraz bəyanatı ilə çıxış edib.

Sənəddə deyilir ki, ictimai-siyasi fəallığı ilə seçilən Yadigar Sadıqov iki ay öncə Lənkəranda zorla cəlb edildiyi, ancaq sona qədər təmkin göstərərək qarışmadığı insidentə görə saxlanılıb.

Milli Şura hesab edir ki, seçki prosesinin yeni başladığı bir dövrdə bu cür addımlar ümumilikdə seçkinin legitimliyini şübhə altına alır.

“Milli Şura dəfələrlə hazırkı seçki öncəsi durumun dözülməz olduğunu və bütün seçki iştirakçılarına bərabər şəraitin yaradılmadığını bəyan edib. Son zamanlar hakimiyyətin həyata keçirdiyi həbslər demokratik qüvvələrə qarşı intensivləşən repressiyaların tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmənin qərarının siyasi sifarişli olduğu heç bir şübhə doğurmur. Siyasi mövqeyinə görə insanları təqib etməkdə məqsəd prezident seçkilərində cəmiyyətin aktivliyinin qarşısını almaqdır”, sənəddə deyilir.

Milli Şura Yadigar Sadıqov və digər siyasi məhbusların dərhal həbsdən azad olunmasını, repressiyaların dayandırılmasını, ölkədə sərbəst toplaşma azadlığının və normal seçki mühitinin təmin olunmasını tələb edir.
XS
SM
MD
LG