Accessibility links

MHİ: Azərbaycanda media azadlığı bəzi parametrlər üzrə daha da pisləşir


Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb

Media Hüququ İnstitutu: 4 ayda 31 jurnalist basqıya məruz qalıb

Media Hüququ İnstitutu medianın durumu ilə bağlı monitorinqinin nəticələrini açıqlayıb

Media Hüququ İnstitutu (MHİ) 2013-cü ilin birinci yarısında ölkədə medianın durumu ilə bağlı monitorinqinin nəticələrini açıqlayıb.

“Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət yaxşılaşmır, əksinə bəzi parametrlər üzrə daha da pisləşir”, təqdimat mərasimində MHİ layihələr üzrə meneceri Xalid Ağəliyev bildirib.

MHİ monitorinqi beş istiqamət üzrə aparıb: “Publik bilgilərə çatımın durumu”, “Mediaya qarşı məhkəmə çəkişmələri”, “Jurnalistlərin həbsi, digər cinayət cəzaları, ittihamlar”, “Mediaya qarşı fiziki və psixoloji basqılar”, “Teleradio yayımı”.

Xalid Ağəliyev deyib ki, jurnalistlər əvvəlkitək informasiyaya çatımlılıq problemi ilə üzləşirlər. Müxtəlif qurumlara göndərilən 50 informasiya sorğusundan yalnız 19-na cavab verilib. Bunun da yalnız 5-i mahiyyəti üzrə cavabdır.

20 halda jurnalistlər informasiya verilməməsi ilə bağlı məhkəmələrdə iddia qaldırıblar. Faktiki olaraq ombudsman fəaliyyət göstərmir. Belə ki, ötən il informasiya ombudsmanının funksiyası da onun üzərinə qoyulub. Vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı bu mexanizm formalaşmayıb.

Monitorinq dövründə məhkəmələr informasiya verilməməsi ilə bağlı iddialardan heç birini təmin etməyiblər. Baxmayaraq ki, 2011-2012-ci illərdə məhkəmələr bir neçə dəfə Bakı meriyasının və Yazıçılar İttifaqının iddiaçıların informasiya sorğularına cavab göndərməsi ilə bağlı qərar çıxarıb.

Dövlət orqanlarında on-line şəffaflıq məsələsi də böyük narazılıq doğurur ki, orta hesabla bu, 25%-dən az təşkil edir. Bu o deməkdir ki, onlar açıqlanma üçün nəzərdə tutulan məlumatların yalnız dördə birini sayta çıxarırlar. Büdcə vəsaitlərinin xərclənməsi və digər maliyyə fəaliyyəti barədə məlumatlar bir qayda olaraq açıqlanmır.

MHİ direktoru Rəşid Hacılı bildirib ki, jurnalistlərin və KİV-in məhkəmə təqibləri davam edir. Lakin 2008-2010-cu illərlə müqayisədə jurnalistlərin şəxsi cinayət ittihamları üzrə cəlb olunması barədə iddialar azalıb.

2013-cü ilin birinci yarısında jurnalistlərə və KİV-ə qarşı 36 iddiadan 4-ü belə olub. Eyni zamanda mənəvi zərərə və işgüzar reputasiyaya görə jurnalistlərə qarşı pul cərimələri artır.
36 iddia üzrə 2,6 mln. manat tələb olunub və bu, əsasən “Azadlıq”, “Yeni Müsavat” qəzetləri ilə bağlıdır.

Yeni tendensiya İnternet-mediaya qarşı iddiaların sayının artmasıdır. Belə ki, 10 on-line nəşrdən 720 min manat istənilib. 2013-cü ilin birinci yarısında məhkəmələr jurnalistlərin və medianın iddiaçılara 91 min manat ödəməsi barədə qərar çıxarıblar.

Məhkəmə sanksiyaları səbəbindən “Azadlıq” qəzetinin bank hesabı bağlanma təhlükəsi ilə üzləşib. Bu, metropolitenin rəisi Tağı Əhmədovun iddiası üzrə 30 min manat həcmində cərimənin qoyulması səbəbindəndir.

Cərimələrin həcmi böyük problem olaraq qalır. Belə ki, ən ağır cinayət təqibləri üzrə mənəvi zərərə görə kompensasiya 1 min manat, mülki iddialar üzrə on min manatlarla təşkil edib.

Hakimiyyət diffamasiyadan müdafiə haqqında qanunun mahiyyətini təhrif edib. Belə ki, MHİ ekspertlərinin iştirakı ilə hazırlanmış ilkin variantda diffamasiyaya görə cinayət cəzasının ləğvi və mənəvi zərərə görə kompensasiyanın məhdudlaşdırılması nəzərdə tutulurdu. Lakin Venesiya komissiyasına göndərilən ekspertizada hər iki təklif çıxarılıb.

Ölkədə müxtəlif ittihamlarla mediaya qarşı cinayət təqibləri davam edir.

7 jurnalist mühakimə olunub və ya barələrində hökm gözlənilir:
“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu), Ucar rayonundan jurnalist Fuad Hüseynov, “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin şərhçisi Tofiq Yaqublu (həmçinin Müsavat Partiyasının sədr mavin), azadxeber.org saytının redaktoru Nicat Əliyev, xeber44.com saytının redaktoru Araz Quliyev.

Bundan əlavə, Quba televiziyasından jurnalistlər Vüqar Qonaqov və Zaur Quliyev, həmçinin “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri cinayət cəzasına məhkum ediliblər.

RATİ-nin reportyoru Mehman Hüseynova qarşı cinayət işi açıq qalır. İnternet blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadə həbs olunublar.

Digər bir problem isə jurnalistlərə fiziki hücum faktlarının araşdırılmamasıdır.

Belə faktların sayı 47-dir. Bir il əvvəl 30 olub.

Teleradio yayım sahəsinə gəlincə, özəl kanallar da daxil olmaqla, bütün kanallar hakimiyyətin nəzarəti altındadır.

Hesabatda mövcud problemlərin həlli üzrə tövsiyələr irəli sürülüb:

informasiya əldə olunmasında məhdudiyyətlərin aradan qaldırılması; dövlət orqanlarında şəffaflığın artırılması; diffamasiyaya görə cinayət cəzasının ləğvi, Avropa məhkəməsi presedentlərinin tətbiqi; şübhəli ittihamlarla həbs olunmuş jurnalistlərin azadlığa buraxılması; jurnalistlərə fiziki hücum faktlarının araşdırılması və b.
XS
SM
MD
LG