Accessibility links

Prezident Adminstrasiyasının rəhbəri xarici QHT-lərin ölkədən çıxarılacağı ilə bağlı xəbərdarlıq edib


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

“Əgər yerli mediada göstərilən faktlar təsdiq olunsa, biz Amerika Milli Demokratiya İnstitutu ilə əməkdaşlığımızı dayandırmalı olacağıq”, o qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xarici qeyri hökumət təşkilatlarını öz profili üzrə fəaliyyət göstərməməkdə, Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham edib. O hesab edir ki, Amerikanın Milli Demokratiya İnstitunun Bakı nümayəndəliyi barəsindəki məlumatlar ciddi yoxlanılmalıdır.
“Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur”, - R.Mehdiyev AzərTac dövlət agentliyinə müsahibəsində bildirib.

Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər.

Aparılan təhlillər göstərir ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir. Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir.

Araşdırmalar zamanı başqa gizli mexanizmlər də aşkarlanıb. Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır.

Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuzdur. Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Təhsil sahəsində ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini, qaçqın və məcburi köçkünlərə yardım etməli olan beynəlxalq QHT-lər müxalifət QHT-lərini maliyyələşdirməklə məşğul olurlar. Onların donorları qrant verəndə pulun nəyə xərclənəcəyini yaxşı bilirlər. Demək, əsl məqsəd təhsil, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil, öz təsir dairələrini genişləndirməkdir. Hətta humanitar təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Bu mövzuda əlavə olaraq qeyd etmək istərdim ki, bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır.

Sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric edilmişlər. Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Halbuki, həmin QHT-lər uzun müddət Azərbaycanda qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət etmiş və öz üzərlərinə bitərəflilik, qərəzsizlik və balanslılıq prinsiplərinə riayət edəcəkləri barədə öhdəliklər götürüblər.

Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə bağlı bir fakta münasibət bildirmək istərdim. Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf edibr. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır.

Biz müşahidələrimizi və tədqiqatlarımızı davam etdiririk. Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini pozan digər təşkilatların adının çəkilməsini hələ ki, məqsədəmüvafiq hesab etmirəm. Lakin nəticə çıxarmasalar, onları Azərbaycan qanunlarına hörmət etməyə məcbur edəcəyik. Ədliyyə Nazirliyi də nizamnamə məqsədlərindən kənara çıxan QHT-lərə bir neçə dəfə xəbərdarlıq edib.

Əgər həmin QHT-lər bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində də tədbirlər görüləcək. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürməlidir”, - o bildirib.

Müsahibəsində qarşıdakı prezident seçkilərinə toxunan R.Mehdiyev İlham Əliyevin qələbə qazanacağını düşünür.

Xarici QHT-lər hələ Prezident Administrasiyasının rəhbərinə cavab verməyib.

Bir neçə gün öncə Amerika səfirliyi Milli Demokratiya İnstitutu ilə bağlı yerli mediada yazılanlarla bağlı Turan agentliyinin sualına cavab verib.

Belı ki, ABŞ səfirliyi Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına səslənən guya sosial şəbəkələr vasitəsilə Azərbaycanda rəngli inqilab hazırlamaq ittihamlarını təkzib edib. Bu fikir Eynulla Fətullayevin martın 10-da haqqin.az saytında “Azərbaycanda “facebook” inqilabı üçün 2 milyon dollar” başlıqlı məqaləsində yer alıb.


“Bu məqalədəki ittihamlar əsassızdır. Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və ölkənin demokratik inkişafı istiqamətində işləyir. NDİ 1995-ci ildən etibarən Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti isə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir”, deyə səfirliyin Turana cavabında bildirilir.

XS
SM
MD
LG