Accessibility links

İranda jurnalist 1 il həbs edilib, milli fəal saxlanıb


Siyasət yazarı Reyhanə Təbatəbayi 1 il həbsə məhkum edilib, dinc mübariz Davud Şirini də ETTELAAT tutub.

İranda qadın jurnalist və milli fəal həbs edilib.

Media Forum saytının məlumatına görə, islahatçı “Şərq” qəzetinin siyasət yazarı Reyhanə Təbatəbayi 1 il həbsə məhkum edilib, Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Davud Şiri isə tutulub.

Reyhanə Təbatəbayi 2010-cu il dekabrın 11-də tutulmuşdu. Jurnalist 36 gün Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanıb mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Tehran məhkəməsi Reyhanə Təbatəbayinin ölkədə azad mətbuatın fəaliyyətinin vacibliyi, müstəqil partiyaların yaranması, siyasi məhbusların azadlığa buraxılması haqda və hərbçilərin siyasətə qarışmasını tənqid edən yazılarını əsas gətirərək onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib.

“Media forum” saytının digər məlumatında isə deyilir ki, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Davud Şirini bu il aprelin 1-də evində tutub. Evdə axtarış aparılıb, təbrizli fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Bundan əvvəl Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyaların fəal iştirakçısı olan Davud Şirinin hazıra harada saxlandığı, konkret nədə günahlandırıldığı bilinmir.

XS
SM
MD
LG