Accessibility links

RATİ: Hüquq müdafiəçilərinin həbsi Avropa Şurasının da nüfuzuna xələl gətirir


RATİ-nin ofisi möhürlənib

RATİ-nin ofisi möhürlənib

Təşkilat kəskin tənqidi bəyanatla çıxış edib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətinin insan hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil fəallara və təşkilatlara təzyiqlərini pisləyən bəyanatla çıxış edib. RATİ-nin kompüterləri, sənədləri, video kameraları, fotoaparatları, arxiv diskləri götürülüb, ofisi möhürlənib, bank hesablına həbs qoyulub. İnstitutun rəhbərinin xaricə çıxışına qadağa qoyulub, özünün isə harada olmasından xəbər yoxdur.

Bəyanatda deyilir:

RATİ Azərbaycan hökumətinin insan hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil fəallara və təşkilatlara qarşı misli görünməmiş hücumlarını ən sərt şəkildə pisləyir. Avropa Şurası bu şiddətli repressiyaya göz yummamalı, Azərbaycanın bu quruma sədrliyi rejimin ölkədə vəziyyəti qaydaya salmasına, hüquq pozuntularının mübahisələndirilməsi və pozulmuş hüquqların bərpası üçün düzgün mexanizmləri təmin etməsinə qədər mübahisələndirilməlidir.

Azərbaycanın Avropa Şurasının yüksək qərarverici orqanı olan Nazirlər Komitəsinə sədrliyi insan hüquqları sahəsində misli görünməmiş repressiya ilə üst-üstə düşüb. Son günlərdə, Azərbaycanın hakim rejimi bir neçə vətəndaş cəmiyyəti liderini həbs edib və hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarını (QHT-ləri) fəaliyyətlərini dayandırmağa məcbur edib.

Bu son repressiya dalğası demokratiya yönümlü QHT-lərə qarşı Azərbaycanın Baş Prokurorluğu tərəfindən açılmış, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti və Sülh və Demokratiya İnstitutu daxil olmaqla aparıcı hüquq müdafiə təşkilatlarının de-yure bağlanması, ondan artıq QHT-nin bank hesablarının həbsinin ardından de-fakto bağlanması, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev kimi tanınmış hüquq müdafiəçilərinin həbsi, RATİ sədri Emin Hüseynovun ölkədən çıxmasına qadağa qoyulması və bir neçə digər QHT üzvünün istintaqa çağırılması ilə nəticələnmiş cinayət işinin ardınca gəlir.

Bundan başqa, ifadə azadlığını müdafiə edən təşkilat - Media Hüquqları İnstitutu - daxil olmaqla bir neçə QHT hökumətin təzyiqindən sonra bağlanıb.

Reydlər zamanı prokurorluq təşkilat əməkdaşlarını ofislərinə qapayıb və onlara telefonla zəng etməyi qadağan edib. Azərbaycanın vətəndaş cəmiyyəti qruplarının xaricdən maliyyələşməsi ilə bağlı başlanmış geniş miqyaslı istintaq çərçivəsində onlarla beynəlxalq və Azərbaycan QHT-ləri hədəfə alınıb.

Formada və mülki geyimdə olan hüquq-mühafizə orqanları əməkdaşları məcburi şəkildə ofislərə daxil olub, təşkilat əməkdaşlarına baş prokurorluq tərəfindən aparılan istintaqın altında olduqları bildirilib. Reydlər zamanı QHT-lərə məxsus noutbuklar, avadanlıqlar və digər sənədlər götürülüb.

Reydlər hüquq müdafiə və vətəndaş cəmiyyəti ictimai vəkilliyi ilə məşğul olan qrupların xaricdən maliyyələşməsi ilə bağlı may ayında geniş ölçülü istintaqın başlanmasının ardından baş verir.

“Hüquq müdafiəçilərinin həbsi və müstəqil təşkilatlara reydlər edilməsi təkcə Azərbaycanın deyil, Avropa Şurasının da nüfuzuna xələl gətirir,” deyə RATİ-nin sədr vəzifəsini icra edən Günay İsmayılova bildirib.

“Azərbaycan hakimiyyətinin bu planlaşdırılmış və ölkədəki anti-Qərb və millətçi hisslərin rəğbətini qazanmağa hesablanmış addımı Strasburqda olduqca provokativ hesab olunmalıdır”, deyə İsmayılova əlavə edib.

“Azərbaycan hakimiyyətinin həqiqi demokratiyaya keçidə müntəzəm olaraq qəsb etməyə və bütün azərbaycanlıların ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı kimi ayrılmaz hüquqlarını tapdalamağa davam etdiyi müddətdə Avropa Şurasına sədrlik etməsi yolverilməzdir”, deyə təşkilat bildirir.

Azərbaycanın sədrliyi insan hüquqları və demokratiyanın qorunması və təşviqinin Avropa Şurasının əsas dəyərləri olduğunu açıq şəkildə qeyd edən təşkilatın təsis sənədlərinə əsasən Avropa Şurasının prinsip və dəyərlərinə ziddir.

Azərbaycanı hazırkı repressiv siyasəti ilə Avropa Şurasının rəhbərliyinə qoyan üzv dövlətlər özlərinin insan hüquqları və demokratiya ilə bağlı öhdəliklərinə ciddi yanaşmadıqları mesajını verirlər. Avropa Şurası bu faktdan utanmalıdır. Özünün olduqca pis insan hüquqları durumu ilə, Azərbaycan, çətin ki, Avropa Şurasının beynəlxalq səhnədə ən yaxşı səfiridir.

RATİ Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır. Əgər üzv dövlətlərin kobud hüquq pozuntularına yol verməsinə və Avropa Şurası qaydalarına və müqavilələrinə əməl etməməsinə göz yumulursa, təşkilat həm öz hörmətini, həm də nüfuzunu itirir.

RATİ, eyni zamanda, Azərbaycan hakimiyyətini bütün müsadirə olunmuş QHT əmlakını geri qaytarmağa və bu QHT-lər və onların liderləri barəsində başlanmış saxta istintaqa son qoymağa çağırır.

RATİ Azərbaycan hökumətini hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, Bəşir Süleymanlı və Anar Məmmədlini dərhal azad etməyə və Emin Hüseynovun ölkədən çıxmasına qoyulmuş qadağanı ləğv etməyə çağırır.

Bu RATİ-nin bu gün yaydığı bəyanatdır.

Rəsmi Bakı isə ölkədə insan hüquqlarına, o cümlədən fundamental azadlıqlara tam əməl edildiyini bildirir. Bu sırada beynəlxalq təşkilatların kəskin tənqidli hesabatlarına baxmayaraq Azərbaycan iqtidarı iradları qəbul etmir və böhtan adlandırır.

XS
SM
MD
LG