Accessibility links

Rüstəm İbrahimbəyov: Hakimiyyət kriminal metodlarla hərəkət edir


Kinorejissor Rüstəm İbrahimbəyov

Kinorejissor Rüstəm İbrahimbəyov

Tanınmış kinorejissora qarşı vergidən yayınmaq ittihamı ilə araşdırma başlanıb. Ziyalılar Forumu və onun sədri Rüstəm İbrahimbəyov hökuməti islahatlar və azad seçkilərə çağırır

Kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı 30 min manata yaxın vergidən yayınmaq ittihamı ilə araşdırma başlanıb.

Vergilər Nazirliyi bununla bağlı şərh vermir, lakin İttifaqın rəhbəri, tanınmış rejissor R. İbrahimbəyov Turan agentliyinə məsələnin mahiyyətini açıqlayıb.

Söhbət 2009-cu ilin sentyabrında keçirilən “Şərq-Qərb” festivalının maliyyə sənədlərindən gedir. Vaxtilə Maliyyə və Vergilər Nazirlikləri bütün sənədləri yoxlayıblar və hər şeyin qaydasında olması barədə akt var. Lakin sırağagün qəflətən vergi nümayəndələri hər şeyi yenidən yoxlamaq qərarına gəliblər, baxmayaraq ki, onlar yalnız son 3 ayın sənədlərini yoxlaya bilər.

İddianın mahiyyəti budur ki, festivalın keçirilməsinə sərf olunmuş 330 min manatdan 30 min manata ƏDV ödənilməyib. Lakin bu ƏDV-ni kinematoqrafçılar İttifaqı yox, Mədəniyyət Nazirliyi ödəməlidir.

“Biz bu məsələnin həllindən imtina etmədik və Mədəniyyət Nazirliyi ilə danışıqlara başladıq. Bütün bunlar izah edildi, yoxlayanlar razı qaldılar və bizim mövqeyimizlə razılaşaraq getdilər” - deyə R.İbrahimbəyov bildirib.

Lakin növbəti gün iş Vergilər Nazirliyinin İstintaq İdarəsinə verilib. Qurum festivalın keçirilməsinə məsul olan Lalə Əfəndiyevaya qarşı vəsaitin mənimsənilməsi üzrə ittiham irəli sürüb. Üstəlik, bu, çox “vəhşi formada” edilib. Vergi nümayəndələri Əfəndiyevanın anasının evinə giriblər. O gələndə bildiriblər ki, festivala nəqliyyat xidməti göstərən firmanın rəhbəri dələduzluğa görə həbs olunub və bildirir ki, 2009-cu il festivalına avtobusların və minik avtomobillərinin verilməsi barədə sənədlər fiksiyadır.

Bunun əsasında vergi nümayəndələri Əfəndiyevanı mənimsəmədə ittiham ediblər və ondan heç yerə çıxmamaq barədə iltizam alıblar.

“İttifaq nə etmək niyyətindədir?” sualının cavabında dramaturq deyib ki, festivalın bütün iştirakçılarına və qonaqlarına müraciət edib ki, onların avtobus və avtomobillərdə daşındıqlarını, xidmətlərin pulsuz olmadığını və bunların həqiqətən baş verdiyini təsdiqləsinlər.

“Bütün bunları sübut etmək çətin deyil. Çətin olan bunu təşkil edənlərin səfehliyinin və alçaqlığının dərəcəsini təsəvvür etməkdir. Onlar ancaq ona nail olacaqlar ki, ölkə növbəti dəfə bütün dünyanın qarşısında rüsvay olacaq”, - dramaturq vurğulayıb.
“Bu təzyiq nə ilə əlaqədardır” sualının cavabında R.İbrahimbəyov deyib ki, bu, onun iştirakı ilə yaradılan və gəncləri də birləşdirəcək yeni siyasi təşkilat barədə məlumatlara hakimiyyətin reaksiyasıdır.

“Onlar bizi qorxutmaq və öz mövqeyimizdən çəkindirmək istəyirlər. Bu, heç vaxt olmayacaq! Hakimiyyət yalnız bir şeyə nail olacaq, cinayətkar metodlarla və kriminal məfhumlarla yaşadığını bir daha nümayiş etdirəcək” -deyə o vurğulayıb.

Rüstəm İbrahimbəyov Azərbaycan Ziyalılar Forumunun sədridir. Ziyalılar Forumu hökumətin siyasətini kəskin tənqid edir, ölkədə azad, demokratik seçkilər keçirilməsini, islahatlar aparılmasını istəyir. Hökumət rəsmiləri bir qayda olaraq Ziyalılar Forumu və onun sədrinə qarşı tənqid mövqeyində dayanıb.
XS
SM
MD
LG