Accessibility links

Ərdoğan: İranda türk əhalinin nisbəti göz önündədir, bu, Tehranı vəziyyəti nəzərə almağa vadar edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran-Azərbaycan münasibətlərində yaşanan gərginliyin "isti bir böhrana" çevrilməyəcəyini düşündüyünü bildirib.

Ərdoğan “İranda türk əhalinin nisbətinə” diqqət çəkərək, Tehranın Azərbaycanla münasibətlərində bunu nəzərə alacağını vurğulayıb.

Anadolu agentliyinin bildirdiyinə görə, Türkiyə prezidenti bu açıqlamaları Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

Jurnalistlərdən biri Ərdoğana belə bir sualla müraciət edib: “İranın Naxçıvan və Cənubi Qafqaz sərhədində hərbi hərəkətliliyi var. İran bir tərəfdən də Azərbaycanın İsrail ilə münasibətlərini önə çəkir. Türkiyənin Qafqazda aktiv və qalıcı aktyora çevrilməsindən sonra İranın bu əməllərinin bir anlamı varmı və bu isti bir böhrana çevrilə bilərmi?”

Türkiyə prezidenti cavabında gərginliklərin belə bir həddə çata biləcəyini gözləmədiyini qeyd edib.

“Mənim şəxsən belə bir gözləntim yoxdur. İsrailin Azərbaycanla münasibətləri səbəbilə İranın Azərbaycanı hədəfə çevirəcəyini gözləmirəm. Çünki bu gün İrandakı türk əhalinin nisbəti göz önündədir. Bu, təbii ki, onları düşünməyə vadar edər. Bu elə asan deyil. Edilənlər yanlışdır. Mən inanıram ki, İranın yeni rəhbərliyi belə yanlış addımları davam etdirməz” - deyə, Rəcəb Tayyib Ərdoğan jurnalistə cavab verib.

XS
SM
MD
LG