Siyasi fəal Bulut Ələmdar Amerikanın Səsi ilə söhbətdə İranda hakimiyyət, eləcə də müxtəlif siyasi qrupların Rusiyanın Ukraynaya hücumuna dair mövqeyini şərh edib.
Onun sözlərinə görə, Ukrayna məsələsi həm qlobal və regional tənliklər, həm də İran-Rusiya əlaqələri baxımından İran Azərbaycanının gələcəyinə təsir edəcək.
Bulut Ələmdar hazırda İranın Rus tərəfdarı mövqeyinin hücumun ilk günlərindəki qədər radikal olmadığını deyir.
Ukrayna həm ümumiyyətlə qlobal və regional məsələlərə görə həm də İran-Rusiya əlaqələri baxımından bizim üçün çox önəmlidir.
“İranın son 30 ildir Çeçenistanın işğalı və Krımın işğalı kimi məsələlərdə rus tərəfdarı mövqeyini görürük. Bu dəfə də İranın rəsmiləri, dövlət orqanları və mediası Rusiyanın Ukraynaya hücumunu bu ölkənin özəl hərəkatı adlandırırlar. Sanki orada bir nasizm və bir terror hərəkatı var və Rusiya onu bitirməyə çalışır. İran bu şəkildə Rusiyanın işğal təşəbbüsünü məşru göstərməyə başladı. Amma, zaman keçdikcə, beynəlxalq basqıları, embarqoları və BMT-nin mövqeyini gördükdən sonra, İran biraz geri addım atdı. Amma ilk başda radikal olduğu qədər olmasa da bir şəkildə Rusiyanı dəstəkləyir. Xüsusilə də mediada,” o, söyləyir.
Ələmdar əlavə edir, “Ukrayna bizim coğrafiyamıza yaxındır. Türkiyə ilə qonşudur və çox yaxın əlaqələri var. Azərbaycanla əlaqələri var. Və biz Rusiya ilə qonşuyuq. Qarabağ məsələsində də Rusiyanın müdaxiləsi var. Bu gün Xankəndində barış gücü adı altında rus əsgəri var və oradan nə zaman gedəcəyini biz bilmirik. Rusiyanın diktator dövləti İranın diktator dövləti ilə Suriyada, İraqda və yeri gəldiyində başqa bölgəlrdə azadlıqlara və millətlərə qarşı birlikdə hərəkət edirlər. Lazim olanda qətliam edirlər, bombalayırlar və terror əsdirirlər.”
Bu durum bizə də təsir etməkdədir. Bu, sabah bir gün bizim də başımıza gələ bilər. Rusiya və İran iş birliyi ilə bizim xalqımıza hücum edə bilərlər. Bizim də torpağımızı silahla, tankla işğal etməyə girə bilərlər.
Siyasi şərhçi hesab edir ki, bu müharibənin nəticəsi bölgə xalqlarına “yol göstərici” olacaq. O, Ukrayna məsələsinin həm qlobal və regional tənliklər, həm də İran-Rusiya əlaqələri baxımından İran Azərbaycanının gələcəyinə təsir edəcəyini ifadə edir:
“Bu durum bizə də təsir etməkdədir. Bu, sabah bir gün bizim də başımıza gələ bilər. Rusiya və İran iş birliyi ilə bizim xalqımıza hücum edə bilərlər. Bizim də torpağımızı silahla, tankla işğal etməyə girə bilərlər. Onun üçün biz bu məsələni yaxından təqib edirik. Ukraynanın dirənməsi bizə güc verir. Bir supergücə qarşı bu qədər onurlu və şərəfli bir duruş və dirənc göstərmələri bizə güc verir və biz ondan dərs çıxarırıq.”
Bulut Ələmdarın sözlərinə görə, “İranın Rusiyanın strateji müttəfiqi və Rusiyanın əlaltı bir dövlət olduğuna görə biz birbaşa təsir altındayıq. Ona görə, Ukrayna həm ümumiyyətlə qlobal və regional məsələlərə görə həm də İran-Rusiya əlaqələri baxımından bizim üçün çox önəmlidir. Ukraynada Rusiyanın yüzdə yüz qazanması və ya Ukraynanın qazanması bizim üçün həm simvolik, həm də həqiqi anlamda yol göstərici olacaqdır.”
Ələmdar müsahibədə həmçinin İranın Kəşfiyyat Nazirliyinin Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən “İsrailə bağlı bir casus şəbəkəsinə ağır zərbələr endirdiyinə” dair açıqlamaları, habelə İranın İraqın Kürdüstan bölgəsinə raket hücumu haqqında danışıb.