Accessibility links

Məhkəmə Əli Əliyevi diffamasiya üzrə üçüncü dəfə məhkum edib


Əli Əliyev
Əli Əliyev

İyunun 23-də Yasamal rayon Məhkəməsi hakim Rəşad Cavadzadənin sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevi Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək 6 ay həbsə məhkum edib. Hakim əvvəlki iki həbs hökmü ilə bu hökmü birləşdirərək cəzanı ümumi rejimli koloniyada çəkməklə bir il müəyyən edib. Əliyevin cəzasını çəkməsi həbs edildiyi vaxtdan, yanvarın 13-dən hesabalanacaq.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib.

Bu VİP sədrinə qarşı diffamasiya üzrə üçüncü hökmdür.

Bu dəfə Əli Əliyevi Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov xüsusi ittiham qaydasında məhkəməyə verib. Göyüşov bir neçə ay əvvəl sosial şəbəkələrdə yayılan intim videosu ilə bağlı Əli Əliyevin dediklərini təhqir hesab edib.

Məhkəmə Əli Əliyevi diffamasiya üzrə üçüncü dəfə məhkum edib
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Əli Əliyev isə Göyüşovun sosial şəbəkələrdə yayılan intim videosu ilə bağlı dediklərinin təhqir olmadığı qənaətindədir.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.

İddiaçıların hər biri Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Xüsusi ittihamçıların şikayətləri ayrı-ayrı icraatda araşdırılıb.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da "Osmanqızı TV" YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Vəkil Cavad Cavadov bugünkü məhkəmə hökmündən sonra Amerikanın Səsinə deyib ki, hökmlə razı deyil, apellyasiya şikayəti verəcək.

"Diffamasiyaya görə, Əli Əliyevə ən ağır cəza tətbiq edilib. Avropa Məhkəməsinin presedent hüququnda bunun əsaslansdırılması belə qəbul olunmur. Müdafiə tərəfi hesab edir ki, Əliyevin dediklərində diffamasiya, həmçinin təhqir elementi yoxdur".

Cavadov deyib ki, məhkəmə Əli Əliyevə münasibətdə ötən ilin noyabrında elan edilən amnistiya aktını da tətbiq etməyib.

"Halbuki onun günahlandırıldığı Cinayət Məc'lləsinin 148-ci maddəsinə birmənalı qaydada amnistiya tətbiq edilə bilərdi. Bizdə bununla bağlı nümunələr də var. Məhkəmə bu maddə üzrə amnistiya tətbiqini indi də davam etdirir,” o qeyd edib.

Əli Əliyev məhkəmədə son sözündə deyib ki, siyasi rəqibinin hərəkətinə sərt qaydada irad bildirib.

"Bu məhkəmə hökmü siyasidir və digər hökmlərin davamıdır. Göyüşov sosial şəbəkələrdə yayılan hərkətlərinə görə hakim Yeni Azərbaycan Partiyasından qovulub. Mənim iradımda ümumiyyətlə təhqir elmentləri yoxdur" , vəkil Əliyevə istinadən qeyd edib.

XS
SM
MD
LG