Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı mübarizədə “təslim olmayacağına” söz verib.
“Bizə aid olanı qoruyacağıq. Biz qalib gələcəyik,” Zelenski iyulun 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamasının beşinci ayının bitdiyi vaxt Telegram kanalında yazıb.
“Müharibə Ukraynanı sındırmayıb və qırmayacaq,” o əlavə edib.
Zelenski həmçinin beynəlxalq ictimaiyyəti Ukraynaya Rusiyanın hücumunu dəf etmək və Ukraynanın Moskva tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün lazım olan silahları tədarük etmək barədə çağırışını təkrar edib.
Moskvanın Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı müdaxiləyə başlamasından bəri minlərlə ukraynalı öldürülüb, milyonlarla insan didərgin düşüb.
Zelenski vurğulayıb ki, son beş aydır gedən müharibə Rusiyanın səkkiz il əvvəl Moskvanın Ukraynanın Qara dəniz bölgəsində Krım yarımadasını ilhaq etdiyi və Ukraynanın şərqində separatçı münaqişələri qızışdırdığı vaxt ölkəsinə qarşı ilk hücumun davamıdır.
BBC-nin verdiyi məlumata əsasən, prezident Zelenski bildirib ki, Ukrayna qüvvələri “addım-addım” Dnepr çayının qərbində, Xerson regionunun işğal altında olan hissəsinə doğru irəliləyir.
Britaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri Xerson yaxınlığında şiddətli döyüşlərin getdiyini bildiriblər. Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən, “Xerson yaxınlığında şiddətli döyüşlər gedir”. Ukraynanın irəliləməsi o deməkdir ki, çayın qərbində Rusiya təchizatı xətləri “getdikcə risk altındadır”. Hesabatda deyilir ki, Dnepr keçidi bağlansa və Xersonda Rusiya qüvvələrinin əlaqəsi kəsilsə, bu, Rusiya üçün böyük hərbi və siyasi uğursuzluq olardı.
ABŞ-ın Hərbi Tədqiqatlar İnstitutunun Ukrayna ilə bağlı son qiymətləndirməsində Ukrayna qüvvələrinin Xerson vilayətində əks-hücum əməliyyatına hazırlaşdığı və ya artıq başladığı bildirilir. Rusiya qüvvələrinin Baxmutun şərqində məhdud kəşfiyyat əməliyyatları apardığı və Slovyanskın şimal-qərbi, Severskin şərqi və Baxmutun cənubunda məhdud quru hücumlarını davam etdirdiyi qeyd edilir.