Accessibility links

Azərbaycanda ərzaq buğdasının bir tonunun qiyməti 580 manat müəyyən edilib


Buğda
Buğda

Azərbaycan Nazirlər Kabineti yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətini 2022-ci il üçün 580 manat müəyyən edib.

Nazirlər Kabineti bu qərarı Prezident İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli fərmanının icrası istiqamətində görülən işlər fonunda verib.

Azərbaycan Prezidentinin fərmanı Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada yaranmış ərzaq qıtlığı dövrünə təsadüf edir.

Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmaında Kənd Təsərrüfatı Nazirliyinə tapşırıb ki, müasir suvarma sistemi qurulmuş təsərrüfatlarla ərzaq buğdasının istehsalı barədə müqavilə bağlasın. Həmin müqavilədə təsərrüfat qarşıdakı 5 il ərzində buğda əkəcəyi barədə öhdəlik götürməlidir və dövlət ona məhsul subsidiyası tətbiq edəcək

Ənənəvi olaraq buğda ölkədə ərzaq təhlükəsizliyinin təminatında əsas kənd təsərrüfatı məhsulu sayılıb.

2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ölkə üzrə buğda istehsalı 2021-ci il üzrə 1,9 milyon ton təşkil edib.

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.

Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub. Hazırda idxal buğdasının qiymətləri iki dəfədən çox artıb.

Azərbaycanda buğda istehsalı, idxalı, emalı və tədarükünə dövlət dəstəyi tədbirləri həyata keçirilir.

Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzi bildirir ki, 2021-ci il ərzində buğda əkinlərinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 210 manat təşkil edəcək. Bundan əlavə, buğda istehsalçılarına suvarma suyu subsidiyalaşmış qiymətlərlə təklif olunur. Fermerlərlə yanaşı un istehsalı ilə məşğul olanlar da ötən il ərzində dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanıblar. Belə ki, 2021-ci ilin fevral-sentyabr aylarında un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilib.

Həmçinin buğda istehsalçıları, digər kənd təsərrüfatı məhsulları istehsalçıları kimi, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Bundan əlavə, ölkədə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.

Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub.

Rəsmi məlumatlara əsasən un və çörək istehsalçıları ilə müzakirələrdən sonra qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik müəyyən edilib.

XS
SM
MD
LG