İranın Ərak şəhərində yerləşən Azərab Sənaye şirkətinin 17 işçisi haqqında 3 ay həbs və 30 zərbə şallaq hökmü çıxarılıb. Hökm bir il sınaq müddəti olmaqla şərti hesab edilib.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi çərşənbə günü yaydığı xəbərdə şirkətin 21 işçisi ilə bağlı məhkəmə qərarı çıxarıldığını bildirib. “4 nəfərə bəraət qazandırılıb, 17 nəfərə isə şərti hökm verilib. Verilən cəza pul cəriməsi ilə əvəzlənə bilər.”
İLNA-nın xəbərində işçilərin hansı ittihamlar ilə ittiham edilmələrinə dair məlumat verilməyib. Ancaq, əmək hüquqları müdafiəçiləri işçilərin öz iş və məişət şəraiti ilə əlaqədar etiraz aksiyası keçirdiyi üçün mühakimə olunduğunu bildirirlər.
“İran İşçilərinin Azad Birliyinin” Telegram kanalına istinadən, Azərab şirkətinin işçiləri keçən iyun ayında təşkil etdikləri etirazlarla əlaqədar mühakimə ediliblər.
Son vaxtlar İranın müxtəlif bölgələrində məişət və iş vəziyyəti ilə bağlı etirazların artması ilə birlikdə etirazlara qatılan işçilərə qarşı basqılar və təhdidlərin də artdığı bildirilir.
Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədəni kompleksinin podratçı şirkətlərinə çalışan işçilərin keçən iyul ayının 5-də başlatdığı və azı 5 gün davam edən aksiyalarda təqribən 20 işçinin nəzarət altına alındığına dair məlumat yayılmışdı. Aksiyaya qatılan işçilər polis zorakılığına məruz qalmışdılar.